Hindistan üçün istehsal olunan C295 təyyarəsi ilk uçuşunu yerinə yetirib

Hindistan üçün istehsal olunan C295 təyyarəsi ilk uçuşunu yerinə yetirib

“Airbus” şirkəti tərəfindən Hindistanın sifarişi ilə istehsal edilən ilk C295 hərbi nəqliyyat təyyarəsi birinci uçuşunu yerinə yetirib.

“Poliqon” “Airbus”a istinadən xəbər verir ki, ilk uçuşunu uğurla tamamlayan C295 cari ilin ikinci yarısına qədər sifarişçiyə təhvil veriləcək.

“Airbus” və Hindistan Silahlı Qüvvələri arasında 56 ədəd C295 hərbi nəqliyyat təyyarəsinin alqı-satqısına dair müqavilə 2021-ci ilin yanvarında imzalanıb. Daha sonra həmin ilin sentyabrında müqavilə Hindistan Nazirlər Kabinetinin Təhlükəsizlik Komitəsi tərəfindən təsdiqlənib.

Müqaviləyə əsasən, sifariş edilən 56 ədəd C295-dən ilk 16 ədədinin 4 il ərzində “Airbus” müəssisəsində istehsal edilərək çatdırılması, yerdə qalan 40 ədəd təyyarənin isə Hindistanın yerli TATA şirkəti tərəfindən növbəti on il ərzində istehsal olunaraq təhvil verilməsi planlaşdırılıb.

Qeyd edək ki, hazırda “Airbus” şirkətinin istehsal etdiyi 170-ə yaxın “Airbus” C295 təyyarəsi 25-dən çox ölkənin Silahlı Qüvvələrində istifadə olunur.

Poliqon.az

CATEGORIES
TAGS