Hindistan yeni FICV PDM-i “Javelin” TƏİR kompleksi ilə təchiz edəcək

Hindistan yeni FICV PDM-i “Javelin” TƏİR kompleksi ilə təchiz edəcək

Hindistanın perspektiv FICV (Futuristic Infantry Combat Vehicle – Gələcəyin Piyada Döyüş Vasitələri) piyada döyüş maşınları (PDM) FGM-148 “Javelin” tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksləri ilə təchiz ediləcək.

“Poliqon” xəbər verir ki, bu barədə “Lockheed Martin” konserninin Hindistan, Maldiv adaları və Şri-Lanka üzrə regional direktoru Caqmohan Sinqh fevralın 13-dən 17-dək Banqalorda keçirilən “Aero India 2023” sərgisində “Janes” nəşrinə müsahibəsi zamanı bildirib.

“Hindistan Ordusu üçün Futuristic Infantry Combat Vehicle (FICV) hazırlayan şirkətin əməkdaşları maşınları “Javelin” məhsulları ilə təchiz edirlər”, – deyə qeyd edilir.

C.Sinqh vurğulayıb ki, Hindistan üçün yeni piyada döyüş maşını ilə “Tata”, “Larsen və Toubro” (L&T), “Mahindra” şirkətləri və dövlət artilleriya zavodu məşğuldur.

Yanvar ayında Hindistanın Müdafiə Təchizat Şurası (India’s Defence Acquisition Council – DAC) müdafiə naziri Rajnath Singh-in sədrliyi ilə Hindistan Ordusu üçün FICV PDM alınmasını təsdiqləyib. Hindistan Ordusu BMP-1 və BMP-2 piyada döyüş maşınlarının parkını əvəz etmək üçün FICV məhsulları almağı planlaşdırır.

Hindistan Müdafiə Nazirliyi bildirib ki, FICV amfibiya tipli olmalı və gələcəyin döyüş sistemi (FCS) və “atdın-unudun” (fire-and-forget) tipli TƏİR kompleksləri ilə təchiz edilmiş idarə olunan qülləli olmalıdır.

C.Sinqh qeyd edib ki, “Javelin”, “atdın-unutdun” qabiliyyətini təmin edən yeganə TƏİR kompleksidir. DRDO “Nag” TƏİRK ilə bu qabiliyyəti inkişaf etdirməyə çalışır, lakin uğursuz alınır.

“Javelin”, orta mənzilli, daşına bilən, çiyindən atılan (shoulder-fired), “atdın-unutdun” (fire-and-forget) prinsipi ilə işləyən, buraxılmazdan əvvəl hədəfə kilidlənən (lock-on before launch – LOBL) TƏİR kompleksidir.

Ötən ilin dekabrında Hindistanın dövlətə məxsus “Armored Vehicles Nigam Limited” (AVNL) şirkəti FICV PDM-in illüstrasiyasını təqdim edib. Şirkət Hindistanda keçirilən “Defense Expo 2024” müdafiə sərgisində futuristik piyada döyüş vasitəsinin prototipini nümayiş etdirməyi planlaşdırır.

AVNL şirkətinin baş meneceri bildirib ki, şirkət tərəfindən layihələndirilən və hazırlanan FICV sovet istehsalı BMP və ya hər hansı mövcud piyada döyüş maşınına əsaslanmayacaq. FICV PDM konstruksiyası hərəkətlilik, atəş gücü və müdafiə kimi üç əsas amilə əsaslanır.

Futuristic Infantry Combat Vehicle 600 at gücündə avtomatik transmissiyalı mühərriklə təchiz ediləcək.

30 mm-lik top və 7,62 mm-lik qoşalaşdırılmış pulemyotla yanaşı, FICV süzən sursatları buraxma qurğusu ilə təchiz olunacaq. Zirehli maşın həmçinin uzaqdan idarə olunan döyüş modulu, beşinci nəsil tank əleyhinə idarə olunan raket və 30 mm-lik avtomatik qumbaraatan alıb.

Şirkət əlavə edib ki, FICV PDM STANAG standartının dördüncü səviyyəsinə qədər qorumanı təmin edəcək, lazer şüalanmasına məruz qalma xəbərdarlığı sistemi və aktiv müdafiə sistemi ilə təchiz olunacaq.

CATEGORIES
TAGS