Hindistan yüngül tanklar almağı planlaşdırır
Hindistan mümkün dağ müharibəsində Silahlı Qüvvələrin mobillik və manevr imkanlarını yaxşılaşdırmaq üçün daha universal platforma olan yüngül tankların alınmasını planlaşdırır.
“Poliqon” “ThePrint”ə istinadən xəbər verir ki, 25 tonluq döyüş maşınlarının alınması halında, Hindistan Ordusunda demək olar ki, altı alay formalaşdırılacaq.
Bu, eyni atəş gücünə sahib olan yüngül tankların daha çox mobilliyi sayəsində dağlarda məhdud yerdə tətbiqi imkanından irəli gəlir.
Ladaxdakı qarşıdurma zamanı Hindistan bölgənin şərqində T-90 və T-72 tanklarını, eləcə də piyadaların döyüş maşınlarını yerləşdirdi.
Bu tankların ağırlığı 40-50 tondur, buna görə dağ şəraitində fəaliyyət göstərmələri məhduddur. Əsas döyüş tankı “Arjun”un mövcud versiyası isə 68,5 tondur.
“Arjun” əsas döyüş tankı Hindistan Müdafiə Tədqiqat Təşkilatı (DRDO) tərəfindən layihələndirilib. Tankın istehsalında kooperasiya şəklində 200-dən çox Hindistan şirkəti və 8000 nəfər personal iştirak edir.
“Arjun” əsas döyüş tankı üzərində işlərə 1972-ci ildə DRDO-nun Hindistan Ordusu üçün döyüş maşını inkişaf proqramı çərçivəsində başlanıb.
“Arjun” tankının ilk seriyalı istehsal nümunələri 2004-cü ildə ordunun 43-cü zirehli tank alayına təhvil verilib. 25 may 2009-cu il tarixində alayın yeni tanklarla təchiz olunması başa çatdırılıb. Beləliklə, 43-cü zirehli tank alayı Hindistan Silahlı Qüvvələrində milli istehsal “Arjun” əsas döyüş tankları ilə yenidən silahlandırılan ilk birləşmə olub.
“Arjun” tankının heyəti dörd nəfərdir və əsas silahlanması 120 mm-lik yivli tank topudur. Döyüş sursatlarının sırasına APFSDS, HE, HEAT və HESH atəş yığımları, habelə LAHAT idarəolunan raketlər daxildir. Tank topunun atış tezliyi dəqiqədə 6-8 atəş təşkil edir. Əlavə silah olaraq 7,62 mm qoşalaşdırılmış və 12,7 mm zenit pulemyotları nəzərdə tutulub.
Əhəd Əzizov