Hindistanda VSHORADS sisteminin atış sınağı həyata keçirilib
Hindistanda çox qısa mənzilli hava hücumundan müdafiə sisteminin (VSHORADS – Very Short Range Air Defence System) növbəti atış sınağı yerinə yetirilib.
Bu barədə “Poliqon” Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatına (DRDO) istinadən xəbər verib.
Bildirilib ki, Hindistanın Odişa sahillərində keçirilən sınaqda HHM sistemi üç ardıcıl atış ilə müxtəlif hava hədəflərini məhv etməyi bacarıb.
VSHORADS, Hindistanın “İmarat” Araşdırma Mərkəzi və DRDO tərəfindən birgə hazırlanıb. Daşınan HHM sistemi olan VSHORADS laylı hava hücumundan müdafiənin alt təbəqəsini təmsil edir. O, aşağı hündürlükdə uçan hava təhdidlərinin qısa məsafələrdə zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.
Qeyd edilib ki, bu sistem Hindistan Silahlı Qüvvələrinin hər üç qolunun (Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri) ehtiyaclarını ödəmək qabiliyyətinə malikdir.