HÜRJET-lərin İspaniyaya tədarükü üçün yekun müqavilənin tezliklə imzalanacağı gözlənilir

HÜRJET-lərin İspaniyaya tədarükü üçün yekun müqavilənin tezliklə imzalanacağı gözlənilir

TUSAŞ istehsalı HÜRJET təlim təyyarələrinin İspaniyaya tədarükü ilə bağlı yekun müqavilənin qısa müddətdə imzalanacağı gözlənilir.

“Poliqon” xəbər verir ki, bunu El Español qəzetinə müsahibəsində TUSAŞ şirkətinin baş direktoru Mehmet Demiroğlu deyib.

O bildirib ki, HÜRJET, tamamilə türk mühəndis və texnikləri tərəfindən güclü yerli tədarük zəncirinin töhfəsi ilə inkişaf etdirilib: “İxrac çərçivəsində İspaniya şirkətlərinin də sənaye iştirakının mümkünlüyü var. Birgə töhfə modelinin detalları növbəti danışıqlar zamanı formalaşacaq və hər iki tərəf üçün qarşılıqlı fayda təmin edəcək”.

HÜRJET-in əməliyyat qabiliyyəti barədə danışan M.Demiroğlunun sözlərinə görə, təlim təyyarəsi hansı ölkədə xidmət göstərməsindən asılı olmayaraq, yüksək performans və birinci sinif imkanlar təqdim edəcək.

İspaniyanın tədarük müqaviləsi prosesinə toxunan baş direktor, imzaya hazır olduqlarını vurğulayıb: “TUSAŞ olaraq tam hazırıq. Artıq həftələri sayırıq. Tərəflər arasında həll olunmamış heç bir məsələ qalmayıb. Yekun tədarük müqaviləsinin qısa müddətdə imzalanması gözlənilir”.

Qeyd edək ki, cari ilin may ayında TUSAŞ, “Airbus” və İspaniya Müdafiə Nazirliyi arasında HÜRJET-in İspaniyaya satışını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb. Daha sonra bu ilin iyul ayında TUSAŞ ilə “Airbus” şirkətləri arasında HÜRJET reaktiv təlim təyyarəsinin İspaniyaya ixracını sürətləndirəcək əməkdaşlıq sazişi imzalanıb. Cari ilin oktyabrında isə İspaniya Nazirlər Kabineti hərbi pilotların hazırlanması üçün mövcud AE.09 (F-5) təyyarələrini əvəz edəcək İnteqrasiya olunmuş Təlim Sisteminin (ITS-C) alınmasına dair 3.12 milyard avro dəyərindəki müqavilənin bağlanmasına icazə verən razılaşmanı təsdiqləyib.

Müqavilə üzrə alınacaq müasir təlim təyyarələri pilotların hazırlığını yeniləmək, genişləndirmək və təkmilləşdirmək, eləcə də yeni və mürəkkəb təhlükəsizlik şəraitlərində əməliyyatlara tam hazır olmalarını təmin etmək üçün nəzərdə tutulur.

Müqavilənin müddəti onun rəsmiləşdirildiyi tarixdən 2035-ci il noyabrın 30-dək davam edəcək və uzadılma imkanı olmayacaq. Ən az 30 il İspaniya Hava-Kosmik Qüvvələrində xidmət edəcək 45 ədəd HÜRJET təlim təyyarəsinin çatdırılmasına 2028-ci ildən başlanması planlaşdırılıb.

CATEGORIES
TAGS