HÜRJET təlim təyyarəsi Misir səmasında uçacaq

HÜRJET təlim təyyarəsi Misir səmasında uçacaq

Türkiyənin reaktiv mühərrikli səsdən sürətli təlim təyyarəsi olan HÜRJET ölkə xaricindəki ilk uçuşunu Misirdə etməyə hazırlaşır.

“Poliqon” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, mayın 19-da TUSAŞ şirkətinin Kahramankazandakı müəssisəsindən ilk dəfə ayrılan HÜRJET əvvəlcə Samsunda Atatürkü Anma Gənclik və İdman Bayramı tədbirində, daha sonra isə İzmirdə keçirilən EFES-2024 çoxmillətli təlimində nümayiş uçuşları yerinə yetirib.

Türkiyə daxilindəki bu uçuşlardan sonra HÜRJET ölkə xaricindəki ilk uçuşunu Misirdə etməyə hazırlaşır. Belə ki, təlim təyyarəsi 3-5 sentyabr tarixlərində Misirdə keçiriləcək “Egypt International Airshow” beynəlxalq aviasiya sərgisinə qatılacaq və burada öz bacarıqlarını nümayiş etdirəcək.

Bildirilib ki, bu sinifdə təlim təyyarəsi axtaran Misir tərəfi HÜRJET ilə maraqlanır. Sərgi çərçivəsində HÜRJET və TUSAŞ istehsalı olan digər məhsulların tədarükünə dair Misir başda olmaqla region ölkələri ilə danışıqlar aparılacaq.

Hazırda HÜRJET-in də daxil olduğu reaktiv mühərrikli təlim təyyarəsi bazarı əhəmiyyətli potensiala malikdir. Bu sektorda bazarın həcmi 20 il ərzində orta hesabla illik 1.6 milyard ABŞ dollarına çatıb.

Qarşıdakı 10 il müddətində Türkiyə Hərbi Hava Qüvvələri də daxil olmaqla bir çox silahlı qüvvələrdə mövcud reaktiv təlim təyyarələri öz yerlərini qabaqcıl versiyalara buraxacaq. Bu səbəblə artan tələbatı ödəmək üçün ABŞ, Avstraliya, Braziliya, Avstriya, Bolqarıstan, Belçika, Kolumbiya, Fransa , Tayvan, Peru, Ərəb Əmirliyi və İsveç kimi ölkələr sözügedən sahədə işə başlayıb.

Eyni zamanda, yeni nəsil qırıcıların üstün performans və döyüş texnikasına sahib olması reaktiv təlim təyyarələrində də daha yüksək performans ehtiyacını ortaya çıxarır. Bu isə həmin tələbləri qarşılayan yeni nəsil təlim təyyarələrinə marağı artırır.

HÜRJET, TUSAŞ şirkəti tərəfindən milli və yerli imkanlar hesabına inkişaf etdirilən reaktiv mühərrikli təlim və yüngül hücum təyyarəsidir. Onun hazırlanması ilə bağlı işlərə 2017-ci ilin avqust ayında başlanılıb və təlim təyyarəsi ilk uçuşunu 2023-cü ilin 25 aprelində həyata keçirib.

HÜRJET-in kütləvi istehsal prosesində TUSAŞ şirkəti birinci il 6-7 ədəd təyyarə, sonrakı ildən isə ayda 2 və ildə 24 ədəd təyyarə istehsal etməyi hədəfləyib. 2025-ci ildən sonra hər ay 2 ədəd HÜRJET-in müştərilərə çatdırılması planlaşdırılıb. Təlim təyyarəsinin Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsinə 2025-ci ildə başlanması nəzərdə tutulub.

CATEGORIES
TAGS