HÜRKUŞ yeni nəsil təlim-döyüş təyyarəsi proqramı

HÜRKUŞ yeni nəsil təlim-döyüş təyyarəsi proqramı

Türkiyənin TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii) şirkəti tərəfindən hazırlanan tandem oturacaqlı, alçaq qanadlı, tək mühərrikli HÜRKUŞ turbovintli təlim təyyarəsi əsas təlim və döyüş təyyarəsinə çevrilmə arasındakı bütün təlim səviyyələrində istifadə edilmək və çətin əməliyyatlarda yaxın hava dəstəyi vəzifələrini yerinə yetirmək üzərə, yeni nəsil qabaqcıl təlim və yüngül hücum təyyarəsi olaraq üstün performans təmin etməsi məqsədilə dizayn edilib. HÜRKUŞ-un üç fərqli konfiqurasiyası – HÜRKUŞ-A (Təməl təlim təyyarəsi), HÜRKUŞ-B (Hərbi təlim təyyarəsi) və HÜRKUŞ-C (Silahlı yaxın hava dəstəyi təyyarəsi) mövcuddur. Son olaraq HÜRKUŞ-un HÜRKUŞ-B üzərində inkişaf etdirilən Hava Yer İnteqrasiya Təyyarəsi (Hava Yer Entegrasyon Uçağı – HYEU) modeli hazırlanıb.

HÜRKUŞ seriyalı istehsalda

2013-cü il sentyabr ayının 26-da Türkiyənin Müdafiə Sənayesi İcraiyyə Komitəsinin iclasında Hərbi Hava Qüvvələri Komandanlığının 15 ədəd yeni nəsil təməl təlim təyyarə ehtiyacının qarşılanması məqsədi ilə TUSAŞ ilə HÜRKUŞ təyyarələrinin seriyalı istehsalı təklifi əsasında müqavilə danışıqlarına başlanması qərara alınıb. Bu qərardan sonra aparılan araşdırmalar və danışıqlar nəticəsində 2013-cü il dekabr ayının 26-da HÜRKUŞ-B hərbi təlim təyyarəsi versiyasının istehsalına dair müqavilə imzalanıb.

Digər variantları ilə yanaşı, TUSAŞ tərəfindən yerli və milli imkanlar hesabına dizayn və istehsal edilən HÜRKUŞ HYEU modeli Hərbi Hava Qüvvələrinin təlim fəaliyyətlərində istifadə ediləcək. HÜRKUŞ HYEU ilə İrəli Hava Nəzarətçisi, İrəli Döyüş Nəzarətçisi və Müştərək Atəş Dəstəyi Komandası təlimləri verilə bilir. Türkiyədə Konyadakı 3-cü Əsas Jet Baza Komandanlığında yerləşən 135-ci Donanmada, yəni Atəş Donanmasında yerləşdiriləcək HÜRKUŞ-lar Donanmanın istəklərinə uyğun olaraq dizayn edilib.

HÜRKUŞ HYEU ucuz istifadə dəyəri və qabaqcıl avionika sistemləri ilə önəmli avantajlar təmin edir. HÜRKUŞ-un mövcud qabaqcıl xüsusiyyətlərinə əlavə olaraq, HÜRKUŞ HYEU ilə Elektro-Optik / İnfraqırmızı (EO/IR) kamera, lazerlə idarə olunan və idarə olunmayan təlim sursatları ilə yanaşı avtopilot inteqrasiyaları da tədricən həyata keçirilə bilər. Digər tərəfdən, 1600 at gücündə turbovintli mühərrikə də sahib olan HÜRKUŞ HYEU, akrobatik və çevik bir təyyarə olaraq da tanınır.

“Anadolu Ankası-21” beynəlxalq təlimində debüt edən HÜRKUŞ HYEU təyyarəsi nəfəs kəsən akrobatik hərəkətləri ilə mütəxəssislərdən tam qiymət almışdı. İlk uçuşunu 2013-cü il avqust ayının 29-da edən HÜRKUŞ-un cəmi 760 uçuş sayı və cəmi 650 uçuş saat olub.

HÜRKUŞ-C imkanları

Müxtəlif tapşırıqların icrası üçün nəzərdə tutulan HÜRKUŞ-C şüşə kabinə kimi tanınan tam rəqəmsal kabinəyə sahibdir. HÜRKUŞ-C bu imkanlarına görə sinfinin ən müasir təyyarələrindən hesab olunur. Təyyarə silahlardan əlavə elektro-optik kameralar, özünü qoruma sistemlərinə və müasir avionikaya sahibdir.

Yeddi ədəd xarici yük asmasına sahib təyyarə 1500 kq-dək ağırlıqda döyüş sursatı daşıyır və havada 4 saata yaxın qala bilir. Təyyarənin silahlanmasına Türkiyə istehsalı olan HGK-3, KGK-82, Cirit, UMTAS ağıllı döyüş sursatları, 12.7 pulemyot və ya 20 mm top daxildir.

2017-ci ilin aprel ayında TUSAŞ şirkəti HÜRKUŞ-C təyyarəsindən ilk dəfə ROKETSAN şirkətinin istehsalı olan L-UMTAS raketi ilə sınaq atışlarının həyata keçirildiyini açıqlayıb. 2019-cu ilin mart ayının sonlarında isə təyyarədən TÜBİTAK SAGE tərəfindən yardılmış “Toqan” adlı döyüş sursatının atış sınağı keçirilib.

HÜRKUŞ Bakı səmasında

2021-ci ildə TUSAŞ şirkətinin istehsalı olan iki ədəd HÜRKUŞ təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib. Dekabr ayının 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə HÜRKUŞ hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub. Tədbirdə Azərbaycanın Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər. HÜRKUŞ təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.

Habelə, 26-29 may tarixlərində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Türkiyənin HÜRKUŞ aerobatika komandalarının hava şouları keçirilib. HÜRKUŞ təlim təyyarələri yüksək peşəkarlıqla performanslar nümayiş etdiriblər.

Azərbaycan HÜRKUŞ təyyarələri ala bilər

Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, Azərbaycan Türkiyədən HÜRKUŞ təlim təyyarələri ala bilər. “Azərbaycan Türkiyədən bütün növ silahlar, o cümlədən HÜRKUŞ təlim təyyarələri ala bilər”, – deyə SSB başqanı İsmail Dəmir vurğulayıb. İsmail Dəmir onu da əlavə edib ki, bu hər an reallaşa bilər.

HÜRKUŞ ixrac yolunda

2021-ci ilin noyabr ayında TUSAŞ şirkəti tərəfindən istehsal edilən HÜRKUŞ təlim-döyüş təyyarəsinin Nigerə tədarükünə dair razılıq əldə olunub. Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Niger Prezidenti Məhəmməd Bazum arasında telefon danışığı olub. Türkiyə mediasında yer alan məlumatlarda Nigerə satılan HÜRKUŞ təyyarəsinin yüngül hücum və silahlı kəşfiyyat missiyalarını da yerinə yetirə bilən “B” və “C” versiyası olduğu bildirilib.

2022-ci ilin may ayında isə TUSAŞ şirkəti Liviyaya HÜRKUŞ-B hərbi təlim təyyarələrinin ixracına dair yekun müqavilə imzalayıb. Bu müqavilə ilə HÜRKUŞ-B Nigerdən sonra ikinci xarici ölkəyə ixrac ediləcək. Tədarüklərin cari ildə həyata keçirilməsi planlaşdırılıb.

TUSAŞ şirkətinin bu il Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) də HÜRKUŞ-B təyyarələri tədarük edəcəyi açıqlanıb. Hazırda TUSAŞ-ın bazasında 14 ədəd HÜRKUŞ-B təyyarəsi var. Onlardan 6 ədədinin Türkiyə HHQ-yə, 8 ədədinin isə Liviya və Nigerə çatdırılacağı güman edilir.

TUSAŞ tərəfindən Türkiyə HHQ-yə təhvil veriləcək təyyarələr HÜRKUŞ-B üzərində inkişaf etdirilən HÜRKUŞ HYEU konfiqurasiyasında olacaq. HÜRKUŞ HYEU təyyarəsi “Roketsan” şirkətinin istehsalı olan MAM-L ağıllı aviasiya sursatlarından istifadə etmək qabiliyyətinə malikdir.

Hurkus HYEU

hurkus e1654541149773

16536723814028815558 1000x669 e1654541130572

16536723811452836726 1000x669 e1654541118220

Poliqon.az

CATEGORIES
TAGS