
İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti 10-14 iyun tarixlərində Almaniyada keçiriləcək “ILA Berlin 2026” sərgisində ən son texnologiyalarını nümayiş etdirəcək.
“Poliqon” IAI-yə istinadən xəbər verir ki, şirkət sərgi çərçivəsində həm əməliyyat şəraitində özünü doğrultmuş sistemlərini, həm də yeni nəsil həllərini təqdim edəcək.
IAI-nin sərgidə nümayiş etdirəcəyi məhsullar Almaniya ilə İsrail arasında son illərdə inkişaf edən müdafiə əməkdaşlığını əks etdirir. Bu əməkdaşlıq çərçivəsində İsrail şirkəti tərəfindən Almaniyaya “Arrow 3” zenit-raket kompleksi, “Heron TP” pilotsuz uçuş aparatı (PUA) və “BlueWhale” avtonom sualtı insansız dəniz aparatı (İDA) kimi sistemlər tədarük olunub.
IAI-nin İdarə Heyətinin sədri Boaz Levi bildirib ki, “ILA Berlin” sərgisi strateji tərəfdaşlıqların gücləndirilməsi baxımından mühüm platformadır və Almaniya Avropada şirkətin ən yaxın tərəfdaşlarından biridir.
Onun sözlərinə görə, Almaniyanın “Arrow 3” sisteminin ikinci partiyasını sifariş etməsi iki ölkə arasında yüksək etimadın və IAI-nin döyüş şəraitində özünü doğrultmuş qabaqcıl hava və raketdən müdafiə texnologiyalarına olan inamın göstəricisidir: “Müdafiə sahəsindəki çağırışlar inkişaf etməyə davam etdikcə, biz innovasiya, əməkdaşlıq və sübut olunmuş əməliyyat imkanları vasitəsilə Avropanın müdafiə hazırlığını daha da gücləndirən gələcək döyüş məkanı həllərini təqdim etməkdən qürur duyuruq”.
Şirkət Avropa ölkələri ilə uzunmüddətli strateji tərəfdaşlıqlarını vurğulayaraq hava və raketdən müdafiə sistemləri, qabaqcıl radar texnologiyaları və pilotsuz uçuş aparatları sahəsində ən müasir həllərini təqdim edəcək.
IAI-nin nümayiş etdirəcəyi məhsullar arasında Almaniya tərəfindən 2023-cü ildə satın alınan və ötən il təhvil verilən “Arrow 3” ZRK yer alacaq. Atmosferdən kənarda ballistik raketlərin məhv edilməsi üçün nəzərdə tutulan bu kompleks İsrailin çoxqatlı hava hücumundan müdafiə arxitekturasının əsas elementlərindən biri hesab olunur.
Şirkət həmçinin quru, dəniz və mobil platformalar üçün hazırlanmış BARAK MX çoxqatlı hava hücumundan müdafiə sistemini təqdim edəcək.
Kosmik həllər sırasında tam rəqəmsal proqramlaşdırılan faydalı yükə malik “Mini Communications Satellite” (MCS) rabitə peyki, o cümlədən yüksək dəqiqlikli təsvirlər əldə etməyə imkan verən ikili faydalı yükə sahib mikro müşahidə peyki sərgilənəcək.
Bundan əlavə, IAI Silahlı Qüvvələr üçün nəzərdə tutulmuş taktiki pilotsuz uçuş aparatlarını, “Mini Harpy” süzən sursatını və yaxın zamanda Almaniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilmiş “BlueWhale” avtonom sualtı İDA-sını da nümayiş etdirəcək.




