
İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti geniş spektrli hava təhdidlərinə, o cümlədən kütləvi pilotsuz uçuş aparatlarına (PUA) qarşı mübarizə aparmaq məqsədilə hazırlanmış HYPNOSIS hava hücumundan müdafiə (HHM) sistemini təqdim edib.
IAI-dən “Poliqon”a verilən məlumata görə, sistem şirkətin qabaqcıl naviqasiya müharibəsi (NAVWAR) sahəsində uzun illərə söykənən əməliyyat təcrübəsi əsasında yaradılıb.
Bildirilib ki, hava platformalarında quraşdırılan peyk naviqasiya sistemləri hədəfə dəqiq çatmaq üçün peyklərdən mövqe və vaxt məlumatları qəbul edir. Bu sistemlər pozulduqda və ya sıradan çıxarıldıqda hava təhdidləri artıq nəzərdə tutulan hədəfə dəqiq istiqamətlənə bilmir.
HYPNOSIS sistemi vahid şəkildə fəaliyyət göstərən mobil radioelektron maneə (jamming) və saxta siqnal (spoofing) stansiyalarından ibarətdir. Hər bir stansiya komanda və idarəetmə (C2) mərkəzinə qoşularaq real vaxt rejimində koordinasiya, təhdidlərin təhlili və operativ reaksiya imkanını təmin edir. Mühafizə olunan ərazilərin ətrafında strateji şəkildə yerləşdirilən stansiyalar çoxqatlı hava hücumundan müdafiə arxitekturasının ayrılmaz hissəsi kimi fəaliyyət göstərir.
HYPNOSIS strateji obyektlərin, kritik infrastrukturun, enerji müəssisələrinin və hava hücumundan müdafiə sistemlərinin qorunması üçün nəzərdə tutulub. Sistem müxtəlif istiqamətlərdən eyni vaxtda həyata keçirilən koordinasiyalı çoxsaylı hava hücumlarını dəf edə bilir və şəbəkələşdirilmiş C2 mərkəzi vasitəsilə operator müdaxiləsi olmadan tam avtonom rejimdə fəaliyyət göstərmək imkanına malikdir.
IAI İdarə Heyətinin sədri Boaz Levi vurğulayıb ki, onilliklər boyu əldə etdiyi əməliyyat təcrübəsi, davamlı innovasiya fəaliyyəti və müttəfiqlərinin təhlükəsizliyinə sarsılmaz sadiqliyi ilə seçilən IAI şirkəti dəyişən hava təhdidlərinə qarşı hava hücumundan müdafiə həlləri sahəsində qlobal liderdir: “Müasir döyüş meydanı çoxsaylı təhdidlərə qarşı inteqrasiya olunmuş, çoxqatlı müdafiə imkanları tələb edir. IAI bu istiqamətdə ön sıralarda yer alaraq müştərilərinə milli təhlükəsizliyin və mülki insanların həyatının qorunması üçün həlledici əməliyyat üstünlüyü təmin edən qabaqcıl texnologiyalar təqdim edir”.
IAI-nin Kosmik Raketlər və Sistemlər bölməsinin icraçı vitse-prezidenti Qay Barlev isə qeyd edib ki, HYPNOSIS sistemi artan GNSS əsaslı hava təhdidlərinə qarşı ölkələrə kritik və yüksək effektivliyə malik “soft-kill” müdafiə qatı təqdim edir. Onun sözlərinə görə, bu sistem strateji obyektlərin qorunması sahəsində mühüm irəliləyişdir: “Sistem “hard-kill” müdafiə sistemləri ilə inteqrasiya olunduqda çoxqatlı müdafiə konsepsiyasını daha da gücləndirir, mövcud kinetik ələkeçirmə sistemlərini əməliyyat baxımından səmərəli və iqtisadi cəhətdən sərfəli əlavə müdafiə qatı ilə tamamlayır”.




