IDEAS-2024: STM dəniz platformalarını və taktiki mini PUA sistemlərini Karaçidə sərgiləyəcək
Türkiyə müdafiə sektorunun qabaqcıl şirkətlərindən biri olan STM, Pakistanda keçiriləcək IDEAS-2024 sərgisində dəniz platformaları və taktiki mini PUA sistemlərini nümayiş etdirəcək.
“Poliqon” STM-ə istinadən xəbər verir ki, şirkət sərgidə “Ada” sinifli MILGEM korvetini, “İstif” (“İ”) sinifli freqatını, STM-MPAC çoxməqsədli hücum katerini, “Pakistan Dənizdə Yanacaqdoldurma Gəmisi”ni (PNFT) və STM500 sualtı qayığını təqdim edəcək.
STM-in bu günə qədər üç fərqli qitədə 10-a yaxın ölkəyə ixrac olunan Türkiyənin ilk milli hücum PUA-sı KARGU, iki il əvvəl Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilən sursat buraxan mini PUA BOYGA və müşahidə-kəşfiyyat PUA-sı olan TOGAN şirkətin IDEAS-2024-də sərgiləyəcəyi taktiki mini PUA sistemləri arasında yer alacaq.
STM Türkiyə Hərbi Dəniz Qüvvələri üçün inşa etdiyi gəmilərlə yanaşı, Pakistan, Ukrayna və Malayziya üçün də dəniz platformaları inşa edib. Şirkət istesalı PUA sistemləri 3 qitədə 10-dan çox ölkəyə ixrac olunub. STM-in portfelinə NATO-nun kəşfiyyat infrastrukturu üçün hazırlanmış proqram təminatı və Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi KAAN üçün platforma kibertəhlükəsizlik öhdəlikləri də daxildir. Türkiyənin qabaqcıl müdafiə şirkətlərindən biri olaraq, geniş müdafiə layihələrində və mühəndislik həllərində zəngin təcrübəyə malik STM beynəlxalq arenada da adından söz etdirməyə davam edir.
STM şirkətinin baş direktoru Özgür Güleryüz bildirib ki, STM qabaqcıl texnologiyaları ilə 30-dan çox ölkədə ixrac, əməkdaşlıq və biznesin inkişafı fəaliyyətlərini həyata keçirir.
Bir tərəfdən NATO-nun ikinci böyük ordusu olan Türkiyə Silahlı Qüvvələrini müasir texnologiyalarla təchiz edirik, digər tərəfdən mühəndislik imkanlarımızla müttəfiq dövlətlərin müdafiə qabiliyyətini artıran layihələr hazırlayırıq. Bu ölkələr arasında qardaş xalqımız Pakistan üçün həyata keçirdiyimiz layihələrdə mühüm irəliləyişlər əldə etmişik. Pakistan Hərbi Dəniz Qüvvələri üçün Karaçidə “Pakistan Dənizdə Yanacaqdoldurma Gəmisi” PNS MOAWIN-i layihələndirdik və inşa etdik. Bu, Türkiyənin ixracyönümlü ən böyük hərbi gəmiqayırma layihəsi idi və onu 2018-ci ildə təhvil verdik.
Həmçinin Türkiyənin ilk sualtı modernizasiya ixracını da Pakistanla həyata keçirdik. Pakistanın “Agosta 90B” sinifli sualtı qayıqlarının modernləşdirilməsində biz iki sualtı qayığı müasir sistemlərlə təkmilləşdirdik və onları təhvil verdik. Son sualtı qayığın modernləşdirilməsi üzrə işlər davam etdirilir. Dəniz imkanlarımızla yanaşı, döyüş mühitində özünü effektiv şəkildə sübut edən taktiki mini PUA sistemlərimizlə də Pakistanda yeni tərəfdaşlıqlar qurmağı hədəfləyirik”, – deyə Ö.Güleryüz qeyd edib.