IDEF-2023: ALPAR insansız döyüş maşınına maraq böyükdür
TÜYAP Sərgi və Konqres Mərkəzində baş tutan IDEF-2023 sərgisində “Otokar” şirkətinin ALPAR insansız döyüş maşınına maraq böyükdür.
“Poliqon” xəbər verir ki, ALPAR, “Otokar” tərəfindən silahlı qüvvələrin robot və insansız quru vasitəsi ehtiyaclarını ödəmək üçün döyüş meydanında insanlı və pilotsuz elementlərlə birlikdə tapşırıqları yerinə yetirə biləcək insansız platforma olaraq hazırlanıb.
O, insansız quru platformaları arasında ağır sinif adlandırılan (Heavy Class) seqmentə aiddir. Şirkətin bildirdiyinə görə, ağır sinifdə inkişaf etdirilmiş ilk insansız döyüş maşını olan ALPAR, Türkiyə müdafiə sənayesi üçün bir ilkdir.
Serialı hibrid elektrikli güc qurğusu sayəsində tamamilə səssiz şəkildə işləyə bilən insansız döyüş maşını, avtonom və uzaqdan idarəetmə imkanlarına sahibdir. Tırtıllı şassi ilə təchiz edilən ALPAR, aşağı istilik izi, təyyarədə daşınma qabiliyyəti və tez dəyişdirilə bilən batareya infrastrukturu ilə seçilir. Həmçinin, o, daxili bölməsində əlavə mini pilotsuz quru vasitəsi də daşıya bilir ki, bu da onun əməliyyat qabiliyyətini artırır.
O, maksimum 15 ton ağırlığa, 3 ton faydalı yük daşımaq bacarığına, 500 km mənzilə və 70 km/saat hərəkət sürətinə malikdir. Üstün imkanları ilə seçilən ALPAR-ın, zirehli döyüş maşını, kəşfiyyat-müşahidə maşını, tank qırıcısı, antidron maşını, logistik xidmət və rele avtomobili kimi versiyaları mövcuddur.
“Otokar” sərgidə “ALPAR-ı ASELSAN istehsalı 25 mm-lik “Nefer-L” döyüş modulu ilə nümayiş etdirir.
Qeyd edək ki, ALPAR-la bərabər “Otokar”ın “Cobra II” zirehli nəqliyyat vasitəsi, “Ural” 4×4 zirehli avtomobili və “Tulpar” piyada döyüş maşını (PDM) da təqdim olunan məhsullar sırasında yer alıb.