IDEF-2023: “Otokar” ilk dəfə “Arma II” zirehli təmir-təxliyə maşınını təqdim edib
Türkiyənin İstanbul şəhərində keçirilən IDEF-2023 sərgisində “Otokar” şirkəti özünün “Arma” zirehli nəqliyyat vasitəsi ailəsini nümayiş etdirir.
“Poliqon” xəbər verir ki, bunların arasında “Arma II” zirehli təmir-təxliyə maşını ilk dəfə olaraq IDEF-2023-də sərgilənib.
720 at gücüdə mühərrikə sahib olan “Arma II” zirehli təmir-təxliyə maşını, döyüş meydanında zədələnmiş, aşmış, batmış tırtıllı və təkərli texnikaların xilas edilməsi, hər cür texniki qulluq və təmir işlərinin yerinə yetirilməsi, yerin hamarlanması və maneələrin aradan qaldırılması fəaliyyətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub.
“Otokar”ın mövcud 8×8 avtomobilləri ilə eyni səviyyəli mühafizəyə malik olan texnika döyüş şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz xilas edilməsi tapşırığının icrası zamanı öz heyətini böyük təhdidlərdən qoruya biləcək formada dizayn olunub. Avtomobilin ön hissəsinə quraşdırılmış dozer bıçağı ilə mövqelərin hazırlanması, çuxur və xəndəklərin torpaqla bağlanması kimi əməliyyatları yerinə yetirmək mümkündür. O, uzun və yüksək tutumlu bumlu kranı ilə zirehli texnikaların qülləsini və güc paketini ən çətin şəraitdə belə qaldıra və logistika maşınlarına ötürə bilir.
Avtomobil üçün xüsusi olaraq hazırlanmış qaldırma və yedəkləmə avadanlığı sayəsində birinci oxu olmayan başqa bir 8×8 təkər formullu texnikanı çəkə və onu evakuator üzərinə qaldıra biləcək.
Bundan başqa, sərgidə “Arma” ailəsinə daxil olan daha iki texnikada nümayiş edilib. Onlardan “Arma” 6×6 zirehli maşını “Sarp-Zafer” döyüş modulu və yerli mühərrikli “Arma II” 8×8 zirehli nəqliyyat vasitəsi OMTAS raketlərinin də yer aldığı “Mızrak-30” döyüş modulu ilə təqdim olunub.