IDEF-2023: STM sərgidə qabaqcıl məhsularını təqdim edib

IDEF-2023: STM sərgidə qabaqcıl məhsularını təqdim edib

STM şirkəti milli texnologiyalarını Türkiyənin ən böyük müdafiə sərgisi olan IDEF-2023-də nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, sərginin keçirildiyi 4 gün ərzində STM şirkəti ümumilikdə 50 müxtəlif ölkədən 100-dən çox nümayəndə heyətini qəbul edib, habelə 6 fərqli müqavilə və protokola imza atıb.

Sözügedən müqavilələrin imzalandığı şirkət və qurumların arasında ASELSAN, HAVELSAN, “Makine ve Kimya Endüstrisi” (MKE), “Asisguard”, “Türk Loydu” və digərləri yer alıb.

Qeyd edək ki, STM sərgidə özünün dəniz layihələrini, taktiki mini pilotsuz uçuş aparatlarını (PUA) və Divar Arxası Radar (DAR) sistemini təqdim edib.

Dəniz layihləri çərçivəsində STM-in üstün mühəndislik imkanları ilə hazırlanmış bir çox platforması ziyarətçi və rəsmi nümayəndə heyətlərinə təqdim olunub. Sərgidə şirkətin konstruktoru və əsas podratçısı olduğu, naviqasiya sınaqlarına yeni başlanan Türkiyənin ilk milli freqatı TCG İSTANBUL (F-515), IDEF-in keçirildiyi Böyükçəkməcədə lövbər salıb.

TCG İSTANBUL-dan başqa, MİLGEM layihəsi əsasında hazırlanan “Ada” sinifli korvet, kiçik ölçülü STM500 sualtı qayığı, Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilən “Pakistan Dənizdə Yanacaqdoldurma Gəmisi” (PNFT), STM-MPAC hücum kateri və STM sahil mühafizə gəmiləri kimi digər dəniz platformaları da sərgidə nümayiş olunub.

Pilotsuz və ağıllı sistemlər sahəsində qabaqcıl məhsullar malik STM şirkəti IDEF-2023-də KARGU, TOGAN, BOYGA, ALPAGU və ALPAGUT PUA-larını sərgiləyib.

STM-in IDEF-də sərgilədiyi məhsullar arasında yer alan Divar Arxası Radar (DAR) sistemi cari ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı dağıntılar altında qalan 50-dən çox insanın xilas edilməsinə imkan verib.

Poliqon.az

CATEGORIES
TAGS