IDEF-2025: ASELSAN yeni nəsil dəniz müdafiə sistemlərini təqdim etdi

IDEF-2025: ASELSAN yeni nəsil dəniz müdafiə sistemlərini təqdim etdi

Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti olan ASELSAN, IDEF-2025 sərgisi çərçivəsində keçirdiyi təqdimat mərasimində üç yeni nəsil dəniz müdafiə sistemini ictimaiyyətə təqdim edib.

“Poliqon” xəbər verir ki, bu sistemlər sualtı, səth və hava təhdidlərinə qarşı inteqrasiya olunmuş və çoxqatlı müdafiə qabiliyyəti təqdim etmək üçün hazırlanıb.

Təqdim edilən yeni dəniz müdafiə sistemləri arasında DERİNGÖZ avtonom sualtı aparatı, GÖKSUR VLS (vertical launcher systems – şaquli buraxma qurğusu) HHM sistemi və “CENK 4D 2-Axis” AESA çoxfunksiyalı radarı yer alıb.

Sualtı müstəvidə ASELSAN-ın təqdim etdiyi DERİNGÖZ avtonom sualtı aparatı, avtonom naviqasiya və uzun müddətli fəaliyyət imkanları ilə müxtəlif vəzifələr üçün uyğunlaşdırıla bilən qabiliyyətlərə malikdir. Bu platforma mürəkkəb dəniz mühitlərində müstəqil fəaliyyət göstərərək donanmalara kəşfiyyat, müşahidə, mina əleyhinə əməliyyatlar və mühafizə sahəsində üstün imkanlar verir.

Səth səviyyəsində yaxın müdafiə üçün ASELSAN şirkəti GÖKSUR VLS HHM sistemini təqdim edib. Bu sistem dəniz səthində alçaqdan uçan qanadlı raketlər, pilotsuz uçuş aparatları (PUA) və sürətli döyüş təyyarələri kimi müxtəlif hava təhdidlərinə qarşı çevik və dəqiq müdafiə təmin edir. Süni intellektlə dəstəklənən atəşi idarəetmə sistemi vasitəsilə GÖKSUR mürəkkəb şəraitdə eyni anda bir neçə hədəfi aşkarlayıb məhv etmək qabiliyyətinə malikdir.

ASELSAN-ın təqdim etdiyi digər yenilik isə “CENK 4D 2-Axis” AESA çoxfunksiyalı radarıdır. Bu radar, sistemlər paketinin “gözləri” olaraq, eyni anda hava və səthdə yüzlərlə hədəfi real vaxtda skan edərək geniş əhatəli situasiya məlumatı təmin edir. Elektron şəkildə skan edən sabit panelləri sayəsində radar hətta açıq dənizdə və sərt hava şəraitində də sabit və dəqiq işləmək imkanına sahibdir.

Təqdimat zamanı çıxış edən ASELSAN-ın baş direktoru Ahmet Akyol bildirib: “IDEF-2025 sərgisində biz bu gün və gələcəyin çoxölçülü dəniz əməliyyatlarının tələblərinə cavab verən yeni nəsil dəniz sistemlərimizi qürurla təqdim edirik. Bu həllər ASELSAN-ın Türkiyə və dünya donanmalarının gücləndirilməsinə yönəlmiş inteqrasiya olunmuş, dayanıqlı və uyğunlaşa bilən texnologiyalar yaratmaq istiqamətindəki qətiyyətini əks etdirir”.

CATEGORIES
TAGS