IDEX-2023: Rusiya Mi-171A3 helikopterini ölkə xaricində ilk dəfə sərgiləyir
Rusiya Mi-171A3 helikopterini ölkə xaricində ilk dəfə Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2023-də sərgiləyib.
“Poliqon” xəbər verir ki, bununla bağlı “Rostex” Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “Vertoleti Rossii” şirkətinin istehsalı olan Mi-171A3 helikopteri əsasən dənizdə axtarış-xilasetmə əməliyyatları aparılması, insanların və yüklərin dəniz platformalarına çatdırılması üçün nəzərdə tutulub.
Şirkətin qeyd etdiyinə görə, Mi-171A3 öz sinfində unikal nəqliyyat imkanlarına malikdir. Maksimum uçuş çəkisi 13 ton olan helikopter 4 tona qədər yük və ya 24 sərnişin daşıya bilər. Helikopter əlavə yanacaq çənləri ilə təchiz olunduqda helikopterin uçuş məsafəsi 1000 kilometrə çatır.
“Vertoleti Rossii” Mi-171A3-ün dizyan işlərinə 2018-ci ildə başlayıb və helikopter 2022-ci ildə ilk uçuşunu reallaşdırıb. Müasir avionika və naviqasiya sistemləri ilə təchiz edilən helikopter pis görmə şəraitində belə pilota təhlükəsiz uçuş imkanı verir.
Mi-171A3 bütün iqlim şərtlərində helikopterə uçmaq bacarığı verən “UEC-Klimov” şirkətinin VK-2500PS-03 mühərrikləri ilə təchiz edilib.