IDEX-2023 sərgisində 65 ölkədən 1350 şirkət iştirak edəcək
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabi şəhərində 2023-cü il 20-24 fevral tarixlərində keçiriləcək 16-cı IDEX Beynəlxalq Müdafiə Sərgisi və Konfransına və 7-ci NAVDEX Dəniz Müdafiəsi Sərgisi və Konfransına hazırlıqlar davam edir.
IDEX-2023 sərgisinin təşkilat komitəsindən “Poliqon”a verilən məlumata görə, sərgikdə 65 ölkədən 1350 şirkət öz məhsullarını nümayiş etdirəcək.
IDEX-2023 sərgisinə 180 yerli şirkətlə qatılan BƏƏ ümumi 23.700 kvadratmetrlik ən böyük pavilyona sahib olacaq, onun ardınca isə Türkiyə və ABŞ gələcək.
2021-ci il ilə müqayisədə sərginin ümumi sahəsi 20% artaraq 165.000 kvadratmetrə çatıb. Sərgi keçiriləcəyi ümumi ərazi 13 salonu əhatə edəcək.
350 rəsmi nümayəndə heyətinin qatılacağı IDEX-2023-də 9 ölkə – Özbəkistan, İrlandiya, Nigeriya, Monteneqro, Küveyt, Litva, Banqladeş və Monako ilk dəfə iştirak edəcək.
NAVDEX-2023-də isə Pakistan, Bəhreyn, İngiltərə, İtaliya, Çin, Küveyt, Hindistan və BƏƏ özünün dəniz sektorundakı məhsullarını sərgiləyəcək.
IDEX və NAVDEX sərgiləri BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan hamiliyi altında Müdafiə Nazirliyi və BƏƏ Silahlı Qüvvələrinin Baş Komandanlığının təşkilatçılığı ilə ADNEC mərkəzində baş tutacaq.
Artıq 30 ildir keçirilən IDEX dünyada müdafiə sənayesi sahəsindəki ən böyük sərgilərdəndir. IDEX-2023-də ABŞ, Türkiyə, Cənubi Koreya, Kanada, Misir, Braziliya, BƏƏ, Avstraliya, Böyük Britaniya, Hindistan, Çexiya, Avstriya, İsrail, Fransa, Xorvatiya, Belarus, İtaliya, Rusiya və bir çox ölkənin həm dövlət, həm də özəl şirkətləri öz məhsullarını nümayiş etdirəcək. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi də sərgidə stendlə təmsil olunacaq.
POLİQON hərbi-texnoloji jurnalı IDEX-2023 və NAVDEX-2023 sərgilərinin media tərəfdaşı qismində çıxış edir. POLİQON jurnalı olaraq, ənənəvi şəkildə bu il də IDEX və NAVDEX sərgilərini izləyib, Azərbaycan oxucularına və hərbi ictimaiyyətə maraqlı olacaq yenilikləri işıqlandırmağa çalışacağıq.