İHA-230 raketinin atış sınağı yerinə yetirilib

İHA-230 raketinin atış sınağı yerinə yetirilib

“Roketsan” şikətinin inkişaf etdirdiyi İHA-230 səsdən sürətli ballistik raketinin “Akıncı” pilotsuz uçuş aparatından (PUA) atış sınağı həyata keçirilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı təyin olunmuş hədəf uğurla məhv edilib.

“Roketsan” şirkətinin hazırladığı İHA-230, PUA-lardan atılmaq üçün nəzərdə tutulan “hava-yer” tipli səsdən sürətli ballistik raketdir. O, şirkət istehsalı olan TRG-230 “yer-yer” təyinatlı raketin aviasiya vasitələrindən atılması üçün hazırlanan versiyasıdır. İHA-230 raketinin inkişaf etdirilməsində əsas məqsəd PUA-ların təhlükəli zonaya girmədən düşmənin yerüstü hədəflərini, hava hücumundan müdafiə sistemlərini və digər obyektlərini məhv edə bilməsidir.

Şirkətin verdiyi məlumata görə, buraxıldığı sürət və yüksəklikdən asılı olaraq raketin maksimum uçuş mənzili 150 km təşkil edir. Bununla bərabər raket 20 kilometrə qədər məsafədə ani aşkarlanan hədəfləri də vurmaq imkanına sahibdir. Qəlpəli döyüş başlığına malik olan İHA-230 raketini verilən tapşırığa uyğun şəkildə müxtəlif döyüş başlıqları ilə təchiz etmək mümkündür.

Qeyd edək ki, “Roketsan” bu raketi 2024-cü ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına qazandırmağı hədəfləyib.

CATEGORIES
TAGS