İlham Əliyev: Düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir

İlham Əliyev: Düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir

Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı öz ordusuna dayaq oldu, arxa oldu, bütün Azərbaycan vətəndaşları birləşdi, bütün dünya azərbaycanlıları birləşdi. Bir yumruq kimi birləşdik və düşmənə elə sarsıdıcı zərbələr endirdik ki, bu günə qədər də özünə gələ bilmir.

“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi hissəsində şəxsi heyət qarşısında çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan ordusu 44 gün ərzində tamamilə məhv edilib, Ermənistan ordusunun qalıqları bu gün Bakının mərkəzində, Hərbi Qənimətlər Parkında nümayiş etdirilir: “Vaxtilə Ermənistan rəhbərliyi bizi yeni müharibə ilə hədələyirdi. Deyirdilər ki, əgər Azərbaycan hərbi yolla bu məsələni həll etmək istəsə, erməni tankları Bakının küçələrində olacaq. Bəli, erməni tankları Bakının küçələrində oldu, biz onları məhv edilmiş vəziyyətdə gətirdik. İndi o tanklar, digər toplar və texnika Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.

Biz cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşmənin əlindən aldıq, döyüş meydanında bu Zəfəri qazandıq, danışıqlar yolu ilə yox, kiminsə güzəşti ilə yox, qan tökərək, şəhidlər verərək. Bizi irəliyə nə aparırdı? Vətən sevgisi, Vətənə sevgi, düşmənə nifrət! Bax, biz gənc nəsli bu əhval-ruhiyyədə yetişdirmişik, bu əhval-ruhiyyədə bizim ordumuz yetişib və ordumuzun ən döyüşkən birləşməsi olan xüsusi təyinatlılar bu amalla, bu ideya ilə irəliyə gedirdi, öz sinəsini qabağa verirdi”.

Dövlət başçısı Azərbaycan Silahlı Qüvvələrinin tarixi Zəfərinin tarixdə əbədi qalacağından söz açıb: “Biz müzəffər xalq kimi, qalib dövlət kimi bundan sonra əbədi yaşayacağıq. Bu sevinci bizə bəxş edən bizim övladlarımız, əsgər və zabitlərimiz olub. Bütün Silahlı Qüvvələr bu Qələbənin əldə olunmasında öz dəyərli töhfəsini verib və cəmi 44 gün ərzində tarixi Zəfər əldə olundu, düşmən bizim qabağımızda diz çökdü və məcbur oldu öz əli ilə kapitulyasiya aktına imza atdı. Bu, tariximizin və mənim həyatımda bəlkə də ən yaddaqalan, ən sevincli, ən qürurlu anlardan biridir, bəlkə də birincisidir. Ermənistanın kapitulyasiya aktına imza atmaq mənim həyatımda ən qürurlu hadisədir”.

Poliqon.az

CATEGORIES
TAGS