İlham Əliyev: Ermənistan döyüş meydanında məğlub edildi

İlham Əliyev: Ermənistan döyüş meydanında məğlub edildi

Bu gün qurur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu.

“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, təqribən 30 il ərzində Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayırdı. İşğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub:

“Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirmişdir. 1275 azərbaycanlı əsir götürülmüşdür, onların 150-si hələ də itkin hesab olunur. Xocalı soyqırımı 13 ölkə tərəfindən tanınıb. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymayıb”.

Azərbaycan Prezidenti bildirib ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, bizə gəldikdə 27 il icra olunmamış qaldı:

“Bu isə ikili standartların bariz nümunəsidir. Selektiv yanaşmaya yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsinə ehtiyac var”.

Prezident İlham Əliyev əlavə edib ki, münaqişənin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar prosesini məhv etdi:

“Ermənistan hökuməti “Qarabağ Ermənistandır və nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi. Ermənistanın o vaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan qəbuledilməz və əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu”.

Poliqon.az

CATEGORIES
TAGS