İlham Əliyev faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb

İlham Əliyev faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb

Mayın 9-da faşizm üzərində tarixi Qələbədən 77 il ötür.

“Poliqon” Prezidentin saytına istinadən xəbər verir ki, bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıb.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan Azərbaycan 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabiti müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə azərbaycanlı isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub.

Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb. Xalqın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları “xalqımızın qızıl fondu” adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May – Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir.

Azərbaycan xalqı artıq ikinci ildir ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Azərbaycan xalqının 30 il uğrunda mübarizə apardığı ədalət, nəhayət Zəfər çaldı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

pr pr2 pr3 pr4 pr5 pr6 pr7

Poliqon.az

CATEGORIES
TAGS