İlham Əliyev: Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur
Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq.
“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, biz düşməni torpaqlarımızdan qovduq: “Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır, bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz daim müzəffər xalq, qalib dövlət kimi yaşayacağıq”.
“Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Biz hər gün qələbə qazanırdıq, 44 gün ərzində bir gün də olmayıb ki, biz geri addım ataq. Baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət istehkam qurulmuşdu. 44 günlük müharibə zamanı Azərbaycan ordusunda bir dənə də olsun fərarilik olmayıb. Biz əsgər, zabitlərimizlə fəxr edirik, onların qəhrəmanlıqları unudulmayacaq”, – deyə İlham Əliyev vurğulayıb.