İlham Əliyev Talış kəndi və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb

İlham Əliyev Talış kəndi və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb

Talış kəndinin və Suqovuşan qəsəbəsinin azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti, manevrləri üçün çox böyük problemlər, məhdudiyyət yaradıldı.

“Poliqon” xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldandan sonra çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi.

“Birinci növbədə ona görə ki, strateji yollar artıq bizim nəzarətimizdə idi, ikincisi ona görə ki, əgər buradan düşmən öz canlı qüvvəsini başqa yerlərə çəksəydi, əlbəttə, Azərbaycan Ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi. Ona görə bizim taktiki addımlarımız və manevr etmək imkanlarımız düşünülmüş addımlar idi və demək olar ki, burada düşmənin böyük bir hərbi birləşməsi iflic vəziyyətdə qalmışdı. Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara – Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. İşğal zamanı mənfur düşmən bizə qarşı ekoloji terror da törədirdi, su terroru törədirdi”, – deyə İlham Əliyev vurğulayıb.

Həmçinin, Prezident İlham Əliyev Talış kəndində də Azərbaycan bayrağını ucaldıb.

Poliqon.az

CATEGORIES
TAGS