“Improtex” yerli minatəmizləmə maşınlarını nümayiş etdirir

“Improtex” yerli minatəmizləmə maşınlarını nümayiş etdirir

Azərbaycanın “Improtex” Şirkətlər Qrupu Bakı Ekspo Mərkəzində keçirilən SPECA ölkələrinin ( Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan) sərgisində yerli istehsal olan məhsullarını nümayiş etdirir.

“Improtex” Şirkətlər Qrupunun Korporativ Satış Şöbəsinin rəhbəri Emil Əliyev “Poliqon”a şirkətin stendində sərgilənən məhsullar barəsəində məlumat verib.

DSC 5985Şirkət tərəfindən sərgidə 7 müxtəlif məhsulun nümayiş olunduğunu söyləyən E.Əliyev, onlar arasında “Revival T” və “Revival P” minatəmizləmə maşınlarının xüsusilə ön plana çıxdığını bildirib. Bunlardan başqa, “Improtex” Şirkətlər Qrupu sərgidə MAN texnikasının üzərində quraşdırılan yanğın söndürən qurğunu, 5 tonluq yanacaq çənini, yanğın söndürmək üçün istifadə olunan su və köpük püskürdənini, intreyler adlı tentli yarımqoşqusunu da nümayiş etdirir.

Emil Əliyev qeyd edib ki, sərgi çərçivəsində xarici ölkələrin şirkət nümayəndələri ilə bir sıra görüşlər keçirilib: “Sərgiyə maraq böyükdür. Sərgi qapalı konseptdə olduğu üçün hələ ki, ölkələrin şirkət nümayəndələri yaxınlaşırlar və onlarla görüşlər keçirilir. Sonuncu gün sərgi yerli sakinlər üçün açıq olduqda ziyarətçi sayının daha çox olmasını gözləyirik. Ümid edirik ki, bu, Vətənə, millətə xeyirli bir sərgi olacaq”.

Əsasən, piyada əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulan “Revival P” 7 kiloqramlıq TNT partlayışlarına qarşı dayanıqlıdır. O, şəhər yerlərində, meşələrdə, kollarda, tarlalarda, meşə yollarında və çay sahillərində minaların təmizlənməsi üçün uyğundur. “Revival P”, tank əleyhinə minaların partlamasına tab gətirə bilsə də, o, tank əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulmayıb. Onun sahib olduğu uzaqdan idarəetmə funksiyası operatora mina və sursatların partlaması zamanı dağıdıcı partlayış dalğası və zədə yetirə biləcək qırıntıların yayılma əhatəsindən kənarda qalmağa imkan verir. Texnikanın istehsalında istifadə olunan xüsusi zirehli metal, minatəmizləmə zamanı “Revival P”nin mühərrik, habelə digər vacib hidravlik və elektron komponentlərini qoruyur. “Revival P”nin dizaynında ballistik parametrlər nəzərə alınıb.

Onun gövdəsinin uzunluğu 4900 → 5200 mm, eni 1700 mm, hündürlüyü 1850 mm və təmizləmə qurğusunun eni 2000 millimetrdir. Texnikanın toplam çəkisi 6.5 ton, dırmanma qabiliyyəti 35°, eninə hərəkət əyimi 30°, uzaqdan idarəetmə məsafəsi 2000 metr və suya dalma dərinliyi 500 mm təşkil edir. Hərəkət sürəti 5 km/saat, işləmə sürəti isə 0.5-1.5 km/saat olan “Revival P”ni 259 at gücündəki “John Deere” mühərriki hərəkətə gətirir.

O, -20°C ilə +55°C temperatur diapazonunda mina təmizləmə əməliyyatlarını yerinə yetirə bilir. Texnika 360° videogörüntü təmin edən 4 ədəd partlayış dalğasına davamlı kameralar – bir ədəd 80x yaxınlaşdıran Zoom kamera və üç ədəd 120° kamera ilə təchiz olunub. İdarəetmə panelinin ekran ölçüsü 6’’ olan “Revival P”, 360° kamera sistemi üçün 10.1’’ düym HD ekrana malikdir. Texnikanın mina təmizləmə sahəsinin eni 1900 mm, dərinliyi 300 mm, bitki örtüyü təmizləmə qabiliyyəti 1500 mm və minatəmizləmə bacarığı 2500 m2/saat təşkil edir.

“Revival T”, “Revival P”dən fərqli olaraq daha çox tank əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulub. Bu səbəbdən “Revival T” 11 kiloqrama qədər olan TNT partlayışlarına dözümlüdür. Onun toplam çəkisi 20 ton, dırmanma bacarığı 30°, uzaqdan idarəetmə məsafəsi 2000 metr və minatəmizləmə qabiliyyəti 4500 m2/saatdır. Ölçü baxımından “Revival P”dən daha iri olan “Revival T”yə 772 at gücündəki mühərrik güc verir. Bu isə mexaniki minatəmizləyən maşına 7 km/saat sürətlə hərəkət etmək və 0.5-3 km/saat sürətlə işləmək imkanı qazandırır.

360°  videogörüntü təmin edən FPV qoruyucu kamera və 10.1’’ düym HD ekranla təchiz olunan “Revival T”, -20°C ilə +55°C aralığında işləmə potensialına malikdir. Texnika əsas funksiyası olan minaların təmizlənməsində iki qurğudan istifadə edir. Bunlardan biri “flail” adlandırılan zəncir tipli döymə qurğusu, digəri isə “tiller” deyilən baltalardır. Minatəmizləmə əməliyyatı zamanı mina zəncirlə partladıla bilməsə, bu zaman baltalar işə düşür və minanı partlamadan doğrayır. Onun mina təmizləmə sahəsinin eni 2500 mm, dərinliyi 450 millimetr və bitki örtüyü təmizləmə qabiliyyəti 2000 mm təşkil edir.

CATEGORIES
TAGS