İndoneziya 42 ədəd “Rafale” qırıcısı sifariş edib

İndoneziya 42 ədəd “Rafale” qırıcısı sifariş edib

İndoneziya Hərbi Hava Qüvvələrinin əməliyyat ehtiyaclarını ödəmək üçün Fransadan 42 ədəd son nəsil “Rafale” döyüş təyyarəsi alır.

“Poliqon” “Dassault Aviation” şirkətinə istinadən xəbər verir ki, İndoneziya müdafiə naziri fransalı həmkarı və “Dassault Aviation” şirkətinin baş direktoru ilə “Rafale” döyüş təyyarələrinin tədarükünə dair müqavilə imzalayıb.

Müqaviləyə 42 ədəd “Rafale”nin tədarükü, təyyarə heyətinin hazırlığı, habelə İndoneziyanın avaiasiya bazası üçün maddi-texniki dəstək və iki ədəd tam missiyalı simulyatoru olan təlim mərkəzini əhatə edən hərtərəfli paket də daxil edilib.

“Dassault Aviation” şirkəti sifariş edilən döyüş təyyarəsinin sayını açıqlasa da müqavilənin dəyərini rəsmi olaraq açıqlamayıb.

Qeyd edək ki, “Rafale” 1980-ci illərdə “Dassault Aviation” şirkəti tərəfindən hazırlanmış dördüncü nəsil çoxməqsədli qırıcıdır. Qırıcının ilk uçuşu 1986-cı ildə keçirilib, 2004-cü ildə Fransa Hərbi Dəniz Qüvvələrində, iki il sonra isə Fransa HHQ-də silahlanmaya daxil olub. 2017-ci ildə Fransa Müdafiə Nazirliyi “Rafale” F4 modifikasiyası üçün inkişaf proqramını rəsmən təsdiqləyib.

Məlumat üçün bildirək ki, “Rafale” döyüş təyyarələri İndoneziya ilə yanaşı, Fransa, Yunanıstan, Qətər, Hindistan, Misir, Xorvatiya, Finlandiya kimi ölkələrin HHQ-ləri tərəfindən istifadə olunur. “Rafale” Əfqanıstan, Liviya, Mali, İraq və Suriya döyüşlərində istifadə edilib.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS