İndoneziya “Airbus” şirkətindən A400M hərbi təyyarələri alır

İndoneziya “Airbus” şirkətindən A400M hərbi təyyarələri alır

İndoneziya Müdafiə Nazirliyi Fransanın “Airbus” şirkətindən 2 ədəd A400M “Atlas” çoxməqsədli hərbi nəqliyyat təyyarəsi almaq üçün tərəflər arasında müqavilə imzalanıb.

“Airbus” şirkətindən “Poliqon”a verilən məlumata görə, müqavilənin icrasına 2022-ci ildən başlanacaq.

Bununla, İndoneziya, A400M hərbi nəqliyyat təyyarələrinin ümumilikdə onuncu, eyni zamanda bu təyyarələri satın alan Avropa konsorsiumunun hüdudları xaricində üçüncü müştəri oldu.

Müqaviləyə A400M təyyarələrinə hərtərəfli texniki xidmət və təlim dəstəyi paketi də daxil edilib. Müqavilənin dəyəri və təyyarənin ilkin tədarük tarixi şirkət tərəfindən açıqlanmayıb. Həmçinin, 2 ədəd A400 təyyarəsinin təhvil alınmasından sonra 4 ədəd yeni sifarişin həyata keçirilməsi üçün niyyət sazişi də imzalanıb.

A400M təyyarəsinin boş kütləsi 66,5 ton, maksimal yükqaldırma qabiliyyəti 37 tondur. Uçuş gücü 11000 at gücündədir və maksimal kreyser sürəti 780 km/saatdır. Təyyarə maksimal yüklə 3300 km uçmağa qadirdir. Heyəti 2-4 nəfərdən ibarətdir.

Qeyd edək ki, Türkiyə, Almaniya, Fransa, Birləşmiş Krallıq, İspaniya, Belçika, Malayziya, Lüksemburq və Qazaxıstan kimi ölkələrin hərbi arsenalında “Airbus” A400M təyyarələri yer alır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS