İran gələn il “Qaher-313” qırıcısının pilotsuz versiyasını təqdim etməyi planlaşdırır
İran gələn il yerli istehsal olan “Qaher-313” döyüş təyyarəsinin pilotsuz versiyasını təqdim etməyi planlaşdırır.
“Poliqon”un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Aviasiya Sənayesi Təşkilatının (IAIO) rəhbəri briqada generalı Afşin Xacefard açıqlayıb.
A.Xacefard bildirib ki, təyyarə IAIO-da istehsal edilib və layihə ilk dəfə 10 il bundan qabaq mediada gündəmə gəlib: ““Qaher” layihəsi texnologiya baxımından tam yetkinliyə çatıb, lakin biz çoxşaxəli məhsullar istehsal edirik. Bu o deməkdir ki, gələn ilin ortalarında bu təyyarənin silahlı qüvvələrə təhvil veriləcək (yeni) versiyalarını görəcəksiniz. “Qaher” layihəsi pilotsuz təyyarə kimi ortaya çıxacaq”.
IAIO-nun rəhbəri İran müdafiə sənayesinin ağır, reaktiv mühərriklərin layihələndirilməsi və istehsalı sahəsində də özünü təmin etməyə nail olduğunu vurğulayıb: “Mühərriklər sahəsində özünü təmin etmək səviyyəsinə çatmışıq. Bu gün 10 növ mühərrik istehsal edirik ki, onların da əksəriyyəti pilotsuz təyyarələrdə və qanadlı raketlərdə istifadə olunur”.
Elektrik güc qurğusu ilə işləyən pilotsuz uçuş aparatlarına (PUA) toxunan Afşin Xacefard qeyd edib ki, bununla bağlı IAIO gələn il sınaqdan keçiriləcək bir neçə prototip üzərində çalışmalara başlayıb.
İran “Qaher-313” döyüş təyyarəsini ilk dəfə 2013-cü ilin fevralında nümayiş etdirib. Bir nəfərlik, “stealth” xüsusiyyətinə malik 5-ci nəsil döyüş təyyarəsi olan “Qaher-313” qısa məsafəli uçuş-enmə zolaqlarına qalxıb-enə bilir.