
İran hərbi təlimlərdə yerli silah sistemlərini nümayiş etdirib
İranda noyabrın 7-dən başlayan “Zülfüqar-1400” təlimlərinin əsas mərhələsində Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri (HDQ), Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) silahlanmasında yer alan yerli silah sistemləri tətbiq edilib.
“Poliqon”un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran Ordusunun generalı Səbahi Fard hərbçilərlə görüşündə deyib. Onun sözlərinə görə, hərbi təlimlərdə istifadə edilən kəşfiyyat sistemi, radar sistemi, elektron mübarizə sistemi və s. yerli və milli imkanlar hesabına istehsal edilib. O, məşğələlərin əsas xüsusiyyəti kimi yerli istehsal sistemlərinin istifadəsini hesab edib.
Bildirilib ki, genişmiqyaslı hərbi təlimlərin keçirilməsində əsas məqsəd İran Ordusunun dörd qoşun növü arasında koordinasiyanın artırılması, təcrübələrin gənc nəslə çatdırılması və PUA-ların imkanlarından istifadənin artırılması olub.
Quru qoşunlarının bütün 28 bölməsi yenilənmiş zirehli transportyorlardan istifadə etməklə təlimlərə cəlb olunub. Təlimdə “Araş” kamikadze pilotsuz uçuş aparatı müəyyən edilmiş hədəfləri məhv edib. Müxtəlif növ qısa və uzun mənzilli taktiki kəşfiyyat, kəşfiyyat-müşahidə xarakterli PUA-lardan istifadə edilərək raket atışları icra olunub.
“Zülfüqar-1400” hərbi təlimlərində HHQ-nin F4 və “Mirage” döyüş təyyarələri, P3F kəşfiyyat təyyarələri və müxtəlif tipli helikopterləri iştirak edib. F-4 bombardmançı təyyarələri uzaq məsafəli uçuşlar həyata keçirdikdən sonra yer hədəflərinə raket zərbələri endirib. Həmçinin, təlimin digər hissəsində F-4 təyyarələri HDQ-nin yerüstü bölmələrinə dəstək məqsədi ilə mobil dəniz hədəflərini atəşə tutub. “Mirage” qırıcılarının aşağı hündürlükdə kəşfiyyat uçuşları icra edilib. Təlim çərçivəsində tanker təyyarəsi havada yanacaq doldurma əməliyyatı həyata keçirib.
Genişmiqyaslı təlimlərə Hərbi Dəniz Qüvvələrinin müxtəlif döyüş gəmiləri və sualtı qayıqları, o cümlədən “Dena Destroyer” gəmisi, “Tareq” və “Qadir” sualtı qayıqları cəlb edilib. Hərbi təlimlərin sözçüsü kontr-admiral Seyid Mahmud Musəvi bildirib ki, “Tareq” sualtı qayığı torpedo atəşi ilə yerüstü hədəfi, yerli “Qadir” sualtı qayığı isə dənizdəki hədəfi sıradan çıxarıb.
Təlimlərdə İran mütəxəssisləri tərəfindən yerli və milli imkanlar hesabına hazırlanan qanadlı raketlərdən də atışlar icra olunub. Kontr-admiral Seyid Mahmud Musəvinin sözlərinə görə, İranın Makran sahillərindən quru platformasından atılan “Qadir” qanadlı raketi 200 km uzaqlıqdakı gəmi hədəfini vurub. Habelə, HDQ-nin döyüş gəmisindən buraxılan “Qadir” qanadlı raketi 300 km aralıda yerüstü hədəfi məhv edib. Təlimlərdə həmçinin, “Nəsr” qanadlı raketinin də atış sınaqları keçirilib. Kontr-admiral əlavə edib ki, təlimlərin digər mərhələsində dənizdə gəmi hissələrində yerləşən HDQ-nin bölmələri şərti düşmənin sahildə radarlarını əngəlləmək üçün elektron döyüş PUA-ları və radiasiya əleyhinə “Omid” radarlarından uğurla istifadə edib.
HHM bölmələrinin təlimləri zamanı “Mersad” zenit-raket sistemi (ZRS) ilə hava hədəfi aşkar edilərək zərərsizləşdirilib. Qeyd edək ki, “Mersad” aşağı yüksəklikdə hərəkət edən kiçik PUA və qanadlı raketlər də daxil olmaqla geniş çeşidli hədəfləri məhv edə bilən qısa və orta mənzilli hava hücumundan müdafiə sistemidir.