İran “Mersad-16” ZRK-nin sınaqlarını keçirib

İran “Mersad-16” ZRK-nin sınaqlarını keçirib

İran müdafiə sənayesi kompleksinin istehsalı olan “Mersad-16” hava hücumundan müdafiə sistemi sınaqdan keçirilib.

“Poliqon” xəbər verir ki, İranın Hava Hücumundan Müdafiə Qoşunları komandanının əməliyyatlar üzrə müavini general Məhəmməd Xoşqəlb bildirib ki, “Mersad 16” zenit-raket kompleksinin (ZRK) sınaqları uğurla tamamlanıb.

Onun sözlərinə görə, testlər zamanı “Mersad-16” ZRK radioelektron mübarizə sistemindən alınan əks tədbirlər müqabilində üstün hərəkətlilik, inteqrasiya qabiliyyəti və sabitlik nümayiş etdirib. “Mersad-16” ZRK ilk dəfə təyin edilmiş hədəfləri tutmaq, müəyyən etmək, raketi işə salmaq və hədəfi məhv etmək qabiliyyətlərini təsdiqləyib və silahlanmaya qəbul edilib.

Qeyd edək ki, “Mersad-16” kompleksi 2010-cu ildə İranın müdafiə sənayesi müəssisələri tərəfindən hazırlanan “Mersad” sisteminin son modifikasiyasıdır. Ən yeni versiyanın ilk sınaqları 2019-cu ildə keçirilib və İranın “Karrar” reaktiv pilotsuz uçuş aparatını vura bilib.

“Mersad-16”, aşağı yüksəklikdə hərəkət edən kiçik PUA və qanadlı raketlər də daxil olmaqla geniş çeşidli hədəfləri məhv edə bilən qısa və orta mənzilli hava hücumundan müdafiə sistemidir. “Mersad-16”, yük maşını platformasına quraşdırılıb ki, bu da onun hərəkətliliyini əhəmiyyətli dərəcədə artırır.

ABŞ-ın MIM-23 HAWK “yer-hava” tipli raketinin bazasında hazırlanan “Şahin” raketlərindən istifadə edən sələfindən fərqli olaraq, “Mersad-16” ZRK daha müasir “Shalamche” raketlərindən istifadə edir. Açıq mənbələrə görə, daha qısa atış uzaqlığına baxmayaraq (“Shalamche” təxminən 40-50 km, “Şahin” 70-150 km atış mənzilinə malikdir), “Mersad-16” ZRK radioelektron mübarizə vasitələrindən daha yaxşı qorunur.

Habelə, “Mersad 16” kompleksində, əvvəlki nəsillərdən fərqli olaraq başlatma qurğusunun bütün komponentləri bir yük maşınının üzərinə quraşdırılıb. “Mersad 16” ZRK İranın yeni istehsalı olan “Hafez 3D” və “Najm-804” radarlarından istifadə edilir.

Poliqon.az

CATEGORIES
TAGS