İran Rusiyaya 300 ədəd PUA tədarük edir

İran Rusiyaya 300 ədəd PUA tədarük edir

İran Xəzər dənizi üzərindən Rusiyaya pilotsuz uçuş aparatları (PUA) göndərib.

Bu barədə “Poliqon” “Censor.NET” saytına istinadən məlumat verib. Məlumatda bildirilib ki, hərbi yüklərin Həştərxan və Volqoqrad vasitəsilə Ukrayna sərhədlərinə çatdırılması planlaşdırılır. Yükün əsasını “Şahed 129” ağır zərbə pilotsuz pilotsuz uçuş aparatları təşkil edir.

Qeyd edək ki, iyulun 21-də “New York Times” ABŞ kəşfiyyatının hesabatına istinad verdiyi xəbərlərdə Rusiyanın Ukrayna müharibəsində ortaya çıxan strateji boşluğu doldurmaq üçün İrana 300-ə yaxın pilotsuz uçuş aparatı almaq üçün müraciət etdiyi bildirilirdi.

Hesabatda qeyd edilib ki, ABŞ hökumətinin təqdim etdiyi peyk görüntülərinə əsasən, Rusiya rəsmiləri hər ikisi silahlı ola bilən “Şahed-191” və “Şahed-129” PUA-larını test etmək üçün iyunun 8-də və iyulun 5-də İranın mərkəzi aerodromuna səfər ediblər. ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan “Washington Post” qəzetinə, “Bizim əldə etdiyimiz məlumatlar göstərir ki, İran hökuməti Rusiyaya bir neçə yüzə qədər PUA-nı, o cümlədən silahlı PUA-ları tez bir zamanda təhvil verməyə hazırlaşır və tezliklə Rusiya operatorları üçün təlimlər başlayacaq”.

Sallivan əlavə edib ki, İranın Rusiyaya sözügedən PUA-ları təhvil verib-vermədiyi bəlli deyil. Bununla belə, İranın Rusiyaya PUA tədarükü ilə bağlı bildirilən planları Moskvanın Ukrayna müharibəsində ifşa olunmuş potensial boşluqlarını doldurmaq üçün necə xaricə baxdığını göstərir.

“Rusiyanın PUA üçün müttəfiqə müraciət etməsi onu göstərir ki, rusların hələ də PUA-ları olsa da, onlar ehtiyac duyduqları bütün növlərə sahib deyillər”, – deyə C.Sallivan vurğulayıb.

İran öz növbəsində hesabatın iddialarını qəti şəkildə rədd edib.

Qeyd edək ki, İsrailin “Hermes 450” və ABŞ-ın MQ-1 “Predator” PUA-sı əsasında hazırlanan “Şahed 129” uçuş aparatının gövdəsinin uzunluğu 8 metr, qanadları arasındakı məsafə 16 metrdir. Döyüş yükü 400 kq-a qədərdir. Uçuş sürəti 150 km/saat, uçuş məsafəsi 1700 km təşkil edir. PUA-nın 24 saata qədər havada qaldığı bildirilir. PUA “Sadid-1” tank əleyhinə idarəolunan raketləri (İsrailin “Spike-ER” TƏİR-in bənzəri) və ya parçalanmış döyüş başlığına malik yüksək dəqiqlikli “Sadid-345” bombası ilə silahlana bilər.

Onu da qeyd etmək lazımdır ki, İran PUA-larının faktiki döyüş xüsusiyyətləri haqqında praktiki olaraq heç nə məlum deyil, çünki onlar hələ genişmiqyaslı müharibədə istifadə olunmayıb. Buna görə də “Şahed 129”un imkanları elan edilənlərdən fərqli ola bilər.

Poliqon.az

CATEGORIES
TAGS