İran yeni “Karrar” tankını nümayiş etdirib
İran Müdafiə Sənayesi Təşkilatına daxil olan “Bani Hashem” müəssisəsi tərəfindən yaradılan yeni “Karrar” (Hücumçu) tankı “İran ordusunun nailiyyətləri sərgisi”ndə nümayiş etdirilib.
“Poliqon” “Mojnews”a istinadən xəbər verir ki, “Karrar” tankının sınaq nümunəsi İran hərbçiləri tərəfindən ilk dəfə 2017-ci ildə təqdim olunub.
“Karrar” tankı 1990-cı illərdən İran tərəfindən lisenziyalı yığımı həyata keçirilən sovet istehsalı T-72 tankının bazasında yaradılıb. Lakin çoxsaylı xarici ekspertlərin fikrincə, onun xüsusiyyətləri T-90AM tankına daha yaxındır. Rusiya tankları ilə oxşarlığına baxmayaraq, İranın yeni əsas döyüş tankı orijinal qüllə və zireh ilə təchiz edilib.
“Karrar” tankı, sabit və hərəkət edən hədəfləri yüksək effektivliklə vurmağa imkan verən lazer məsafəölçən, elektro-optik atəşi idarəetmə sistemi kimi “ən qabaqcıl texnologiyadan” istifadə edən yerli layihədir. O, tank əleyhinə raketləri atmağa qadir olan 125 mm-lik hamar lüləli 2A46M topu ilə təchiz olunub. Qüllədə karusel tipli doldurma avtomatı yerləşdirilib. Qüllə 7,62 mm-lik pulemyotlu uzaqdan idarə olunan döyüş modulu ilə təchiz edilib. ERA tipli dinamik zirehlə təchiz edilən tankın döyüş vəziyyətində kütləsi 51 tondur. Heyəti üç nəfərdən – komandir, tuşlayıcı və sürücü-mexanikdən ibarətdir.
Xatırladaq ki, 2018-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusu 800-ə qədər “Karrar” tankı almağı planlaşdırdığını açıqlayıb. 2020-ci ildə isə tankın bütün lazımi sınaqları başa çatdırdığı və qoşunlara təhvil verilməyə hazır olduğu barədə məlumat verilib. Lakin indiyə qədər faktiki olaraq alınan tankların sayı barədə məlumat yoxdur.
Qeyd edək ki, İranın tank sənayesi son illərdə sovet və rus tankları əsasında inkişaf edib. Keçən əsrin 90-cı illərini əvvəllərində İran T-72S tanklarının yığılması üçün lisenziya alıb. Bundan sonra “Zülfiqar” tankının ilk prototipi 1993-cü ildə yaradılıb və kütləvi istehsalına 1996-cı ildə başlanıb. İstehsal zamanı “Zülfiqar-2” və “Zülfiqar-3” adlarını alan modifikasiyalar yaradılıb. İndi İran istehsalı olan ən kütləvi tank “Zülfiqar” olmasına baxmayaraq, hətta bu tank 1996-cı ildən indiyəkək (26 il) üç yüzdən az həcmdə istehsal olunub.