İranda modernləşdirilmiş M-60 tankı silahlanmaya qəbul edilib
İranın Silahlı Qüvvələri modernləşdirilmiş M60 “Soleiman-402” tankının silahlanmaya qəbul edilməsinin rəsmi mərasimi keçirilib.
“Poliqon” IRNA agentliyinə istinadən xəbər verir ki, mərasim Şəhid Zərharan Quru Qoşunları Mərkəzində keçirilib.
Modernləşdirilmiş tank təkmilləşdirilmiş müdafiə, yeni optik sistemlər və əks-təsir vasitələri də daxil olmaqla böyük bir yeniləmə paketi alıb. Tankın gövdəsinə və qülləsinə əlavə mühafizənin asma blokları quraşdırılıb. Gücləndirilmiş müdafiəyə baxmayaraq, konstruktiv zirehlənmə 1960-cı illərdə olduğu kimi eyni səviyyədə qalıb. Müdafiə qüllədəki dinamik qorunma blokları, həmçinin gövdədəki passiv qorunma ilə birləşir. Ehtimal ki, passiv qorunma SLERA modulları ilə təmsil olunur. Qüllədə komandirin uzaqdan idarə olunan pulemyotu da quraşdırılıb.
Bundan başqa, qüllənin arxa hissəsində külək sensoru quraşdırılıb ki, bu da atəşi idarəetmə sisteminə atəş üçün daha dəqiq düzəlişlər etməyə imkan verir. Bundan əlavə, qüllədə heyəti xəbərdar etmək üçün lazer şüalanma sensorları ilə birləşdirilən Sovet istehsalı «Ştora» sisteminə oxşar prinsiplə işləyən optik-elektron əks-tədbir sistemi quraşdırılıb.
Xatırladaq ki, bu tankın təqdimatı 2024-cü il iyulun əvvəlində baş tutub. İran mətbuatının rəsmi məlumatına görə, tanka “Soleiman-402” adı verilib və modernləşdirmə işlərini NEZAJA (İran İslam Respublikası Ordusunun Quru Qoşunları) həyata keçirib. İranın nümayiş etdirdiyi layihələrin çoxu seriyalı istehsala getmədiyi üçün bu modernləşmənin hansı məqsədlə nümayiş etdirildiyi məlum deyil. Bununla belə, M60 tankı modernləşdirilərsə, İranın Quru Qoşunları hazırda nisbətən köhnə maşınlardan ibarət tank parkının keyfiyyətcə yenilənməsini alacaq.
Qeyd edək ki, İran artıq təlimlərdə bəzi modernləşdirilmiş tanklardan istifadə edir. Onlardan biri də İranın yerli “Karrar” standartına qədər təkmilləşdirdiyi T-72 tankıdır. Belə ki, İranın cənub sahillərində keçirilən İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının “Böyük Peyğəmbər-17” adlı təliminə modernləşdirilmiş T-72 «Karrar» əsas döyüş tankının bir variantı cəlb edilib.
Döyüş maşını termal, infraqırmızı və radar aşkarlanmasından gizlənməyi təmin edən kamuflyaj dəsti ilə örtülmüşdür. Modernləşdirilmiş tank elektron-optik vasitələr (nişangah), lazer məsafəölçən və ballistik kompüterlə təchiz olunub.
Korpus və hərəkət hissəsi T-72S/M1 tankından qalıb. Zahiri olaraq, tank Rusiyanın T-90MS tankına bənzəyir, lakin iranlı konstruktorlar «Karrar» tankının tamamilə yerli bir inkişaf olduğunu iddia edirlər.
Əhəd Vahidoğlu