İrandan Azərbaycan ərazisinə narkotik keçirilməsinin qarşısı alınıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirməyə cəhd edən şəxslər saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən “Poliqon”a bildirilib ki, dekabrın 24-də saat 23:50-də Yardımlı rayonunun Ostayır kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 4 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti müşahidə edilib.
Sərhəd zastavası dərhal “Silaha” komandasına qaldırılıb, xidməti ərazi qapadılıb və axtarış tədbirləri həyata keçirilərək hüquq mühafizə orqanlarına məlumat verilib.
Sərhəd naryadının sayığlığı və peşəkarlığı nəticəsində hadisə yerindən uzaqlaşmağa cəhd edən sərhəd pozucularından biri Yardımlı rayon Ostayır kənd sakini − Rəhimov Xalid Teyyub oğlu saxlanılıb.
Əraziyə keçirilən baxış zamanı ümumi çəkisi 64 kiloqram 332 qram narkotik vasitə (64 kiloqram 300 qram marixuana, 32 qram tiryək) və 100 ədəd psixotrop tərkibli “Dimenhydrinate 50 mg – Jalinous” həbləri aşkar edilərək götürülüb.
Ərazinin mürəkkəb relyefə malik olmasından istifadə edərək hadisə yerindən uzaqlaşmağa nail olan cinayətkar dəstənin digər üzvlərinin şəxsiyyətləri müəyyənləşdirilərək dekabrın 25-də Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirilmiş təxirəsalınmaz sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 00:35-də Yardımlı rayon sakinləri − Rəhimov Saiq Teyyub oğlu və Cabbarov Cavid Əliisa oğlu, saat 10:30-da isə axtarışı davam edən digər qaçaqmalçı Qasımov Nurlan Fitat oğlu saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.