
İranla sərhədin 25 hektarı mina və PHS-lərdən təmizlənib
Noyabr ayının ötən dövrü ərzində Dövlət Sərhəd Xidmətinin (DSX) mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan – İran dövlət sərhədinin işğaldan azad olunmuş sahəsinin 25 hektar ərazisi mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmiş, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləşdirilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 m məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanmış, 1300 m məsafədə işlər davam etdirilir.
Qeyd edək ki, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal altındakı sərhədlərin azad edilməsindən sonra Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması işləri davam etdirilir. Bu tədbirlər çərçivəsində dövlət sərhədinin işğaldan azad olunmuş sahəsində şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatlarının axtarışı, aşkarlanması və zərərsizləşdirilməsi fəaliyyətləri, eləcə də sərhəd mühafizə infrastrukturunun bərpası və yenidən qurulması xüsusi əhəmiyyət kəsb edir.