
Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti İspaniya Silahlı Qüvvələrinə K9 özüyeriyən artilleriya qurğuları (ÖAQ) tədarük edəcək.
“Poliqon” “Maekyung” qəzetinə istinadən xəbər verir ki, bunun üçün “Hanwha Aerospace” İspaniyanın “Indra” şirkəti ilə müqavilə imzalayıb.
Bildirilib ki, müqavilənin dəyəri və qüvvədə olma müddəti açıqlanmasa da, razılaşmanın 667,5 milyard Cənubi Koreya vonundan (420 milyon avro) çox olduğu təxmin edilir.
Müqavilə hazır məhsulların birbaşa ixracını deyil, İspaniyada yerli istehsalı nəzərdə tutur. “Hanwha Aerospace” K9 platformasını və əsas texnologiyaları təqdim edəcək. “Indra” isə İspaniyanın şimalındakı Xixon şəhərində yerləşən zavodunda şassini, idarəetmə və rabitə sistemlərini istehsal edərək İspaniya Ordusuna tədarük edəcək.
Müqavilə İspaniya Ordusunun özüyeriyən artilleriya qüvvələrinin modernləşdirilməsi proqramının bir hissəsidir. Ümumi dəyəri 4,5 milyard avro olan layihə çərçivəsində 128 tırtıllı və 86 təkərli ÖAQ-ın silahlanmaya qəbul edilməsi nəzərdə tutulur.





