İspaniyadan Türkiyəyə “Patriot” ZRK-lər çatdırılıb
İspaniya Silahlı Qüvvələrinə məxsus “Patriot” havadan və raketdən müdafiə sistemi (ZRK) Türkiyəyə verilib.
“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İspaniyanın YSABEL dəniz nəqliyyat gəmisi Türkiyənin Mersin limanına “Patriot” zenit-raket kompleksini çatdırıb.
Türkiyəyə çatdırılan “Patriot” ZRK batareyası Adanadakı İncirlik aviabazasında yerləşən ispan batareyasının arxa cəbhə dəstəyi üçün təyin edilib.
İncirlikdə yeni batareyaların köhnələri ilə əvəz edib-etməyəcəyi, yoxsa İspaniyanın Türkiyəyə əlavə batareya ötürdüyü hələ də aydın deyil.
Türkiyə bir müddətdir ki, özünün Hatay vilayətində yerləşdirməkdən ötrü NATO-dan “Patriot” ZRK batareyasını tələb edib.
Qeyd edək ki, İspaniya Ordusunun “Patriot” ZRK batareyası 2015-ci il yanvarın 26-da Adanadakı İncirlik aviabazasında yerləşdirilib. “Patriot”un İncirlikdəki batareyası Suriyadan gələn mümkün raketlərin Türkiyə ərazisindəki hədəfləri vurmasının qarşısını almaq üçün təyin edilib.
İncirlikdə həmçinin ABŞ ordusunun “Patriot PAC-2” batareyası da var. Lakin bu batareyanın vəzifəsi yalnız ABŞ qoşunlarını qorumaqdır.
O da məlumdur ki, İspaniya ilə Türkiyə arasında siyasi münasibətlər son vaxtlar ən yüksək səviyyədədir.
Bundan başqa, ABŞ bu yaxınlarda Türkiyə ilə danışıqlarda Ankaraya məxsus Rusiya istehsalı S-400 zenit-raket sistemlərinin Ukraynaya göndərilməsinin mümkünlüyü məsələsini gündəmə gətirib. Türkiyə isə cavab olaraq bildirib ki, belə bir ehtimalı müzakirə etməzdən əvvəl ölkə qeyd-şərtsiz F-35 qırıcıları və “Patriot” zenit-raket kompleksləri almalıdır.
Əhəd Əzizov