İsrail-İran arasındakı son müharibədə İsrail HHM-nin fəaliyyəti – TƏHLİL

İsrail-İran arasındakı son müharibədə İsrail HHM-nin fəaliyyəti – TƏHLİL

İsrailin hərbi doktrinasına uyğun olaraq, etibarlı hava hücumundan və raket əleyhinə müdafiənin təmin edilməsi, ilk növbədə, hava üstünlüyü və düşmən tərəfindən hücum silahlarının istifadə etməzdən əvvəl qabaqcadan məhv edilməsi yolu ilə əldə olunmalıdır. Ehtimal olunur ki, tutucu-qırıcılar hücum etməyə çalışdıqları obyektlərdən xeyli aralıda bazalarına zərbələrdən sağ çıxan düşmən hava hədəfləri ilə qarşılaşacaqlar. Bununla belə, qırıcı aviasiya ballistik raketləri vura bilmir və onlara qarşı son müdafiə xətti yerüstü buraxma qurğularından buraxılan tutucu raketlərdir.

“Poliqon”un məlumatına görə, bu ilin iyununda 12 günlük İsrail-İran müharibəsində paralel olaraq iki misli görünməmiş hava müharibəsi baş verib.

Onlardan biri İsrail qırıcılarını və onların uzaqmənzilli döyüş sursatlarını İranın böyük, lakin köhnəlmiş hava hücumundan müdafiə (HHM) sisteminə qarşı qoydu. Digəri isə İranın orta mənzilli ballistik raket arsenalını İsrailin qabaqcıl və döyüş sınaqlarından keçmiş raket əleyhinə müdafiə (RƏM) və HHM sisteminə qarşı sınaqdan keçirdi. Uzun illər ərzində İran raket qüvvələri, İsrail isə raketdən müdafiə qüvvələri yaradıb.

İsrailin İrana qarşı “dəqiq, qabaqlayıcı zərbəsi” ilə başlayan münaqişə bu günə qədər iki regional düşmən arasında ən geniş və ölümcül hərbi mübadilə olub. “Yüksələn aslan” adlı əməliyyatda İsrail İran ərazisinin dərinliklərində yüzlərlə hava hücumu təşkil edib, pilotsuz uçuş aparatları (PUA) arsenalını yerləşdirib və İranın cavab raket hücumlarına cavab olaraq çox pilləli müdafiə sistemlərini işə salıb.

İsrail-İran münaqişəsini işıqlandıran xarici mediada İsrailin RƏM və HHM sistemlərinin strukturunun və döyüş göstəricilərinin təsvirində tez-tez müxtəlif qeyri-dəqiqliklərə rast gəlinir. Çox vaxt İranın ayrı-ayrı ballistik raketlərinin İsrail şəhərlərini vurması anlarının qeydə alındığı videolar əsasında bütövlükdə raketdən müdafiə sisteminin səmərəsizliyi və hətta tam yararsızlığı barədə nəticələr çıxarılır.

Raket zərbələrinin hiss olunan artımı əsasən İranın hərbi obyektləri deyil, qəsdən çox məskunlaşan mülki əraziləri hədəf alması ilə bağlı idi. Yəni raket düşdüyü zaman o, İsrailin mülki əhalisindən uzaqda yerləşən bazanın yaxınlığında düşdüyündən daha çox dağıntıya səbəb olmuş və ictimaiyyətin diqqətini daha çox çəkmişdir.

İsrail rəsmi məlumatlarına görə, ölkənin müxtəlif yerlərində 28 (27 mülki və 1 məzuniyyətdə olan əsgər) nəfər həlak olmuş, 3238 yaralanmış və 13000 nəfər didərgin düşmüşdür. İranın rəsmi rəqəmlərinə görə, israilin zərbələri nəticəsində ölkədə 935 nəfər ölüb, 4870 nəfər yaralanıb. İran İsrailin zərbələri nəticəsində həlak olan 30-a yaxın generalın siyahısını açıqlayıb.

Bu yazıda İsrail Müdafiə Ordusunun (Israel Defense Forces – IDF) HHM və RƏM haqqında qısa məlumat verməyə və mövcud məlumatlar əsasında onların effektivliyini təhlil etməyə çalışacağıq.

IDF mətbuat xidmətinin məlumatına görə, İran əsasən raketdən müdafiə sistemləri ilə qorunmayan “açıq” ərazilərə heç bir kritik infrastruktura zərər vermədən zərbə endirə bilər. Bununla belə, mətbuatda paylaşılan məlumatlardan belə qənaətə qəlmək mümkündür ki, İsraildə, o cümlədən Təl-Əviv, Ramat Qan, Rişon LeZion, Hayfa və Bat Yam yaşayış məntəqələrində itki və dağıntıların sayı artıb. İsrail şəhərlərindən yayılan onlarla raketin yaşayış məntəqələrini vurduğunu və İsrailin “görünməmiş” adlandırdığı ziyana səbəb olduğunu göstərən video-foto görüntülər ölkənin HHM və RƏM sistemlərinin effektivliyi ilə bağlı yeni suallar doğurub. Məlum olub ki, illərlə qoyulan investisiyaya və inkişafa baxmayaraq, İsrailin təriflənmiş çoxpilləli müdafiəsi irimiqyaslı raket hücumlarına tam tab gətirə bilmir. Və nəzərə alsaq ki, ABŞ rəsmisi ABŞ-ın raketdən müdafiə sistemlərinin İsrailə İranın bəzi raketlərini ələ keçirməsinə kömək etdiyini desə, vəziyyət daha da pis görünür.

Bir çox KİV-in məlumatına görə, ABŞ İranın İsrailə endirdiyi zərbələri dəf etmək üçün yüksəklik RƏM sistemləri və RƏM rolunu oynayan yerüstü MIM-104 “Patriot” zenit-raket sistemlərindən (ZRS) istifadə edib.

Bundan başqa, İranın bir neçə raketi Aralıq dənizinin şərqində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus esmines (destroyer) tərəfindən vurulub. Buna baxmayaraq, İranın davam edən cavab zərbələri İsraildə insan tələfatına, maddi ziyana və panikaya səbəb olub.

Bununla belə, bəzi mənbələr İsrail “Iron Dome” (“Dəmir Qübbə”) sisteminin “gözlənilməz uğurunu” qeyd edir. Qeyd olunur ki, bu sistem ballistik raketlərlə deyil, 4-70 kilometri əhatə edən qısa mənzilli raketlərlə mübarizə üçün hazırlansa da, o, İran yaylım atəşlərinin 20-30%-nin zərərsizləşdirilməsində əsas rol oynayıb və “texnoloji möcüzə” kimi reputasiyasını təsdiqləyib. Eyni zamanda, “İron Dome” sisteminin istənilən hava təhlükəsi üçün universal həll yolu olmadığı və bütün İsrail üçün qoruyucu qalxan kimi “mifik status” verilməsinin düzgün olmadığı vurğulanır.

1990-cı illərdən bəri İran əsas diqqətini İsrailə daha az vaxt və daha dəqiqliklə çata bilən orta mənzilli ballistik raketlərin (OMBR) yaradılması üzərində cəmləyib. İranın OMBR ehtiyatları illər boyu az olmuş, sonra 2020-ci ilə qədər miqdarları böyümüş və təqribən 2000-2500 OMBR sinifli raketə çatmışdır. ABŞ Ordusunun son təhdid qiymətləndirməsi İranın bölgədəki hədəfləri vura bilən ballistik raketlər, qanadlı raketlər və PUA-lardan ibarət “böyük arsenala” malik olduğunu göstərib. İranın diqqətəlayiq OMBR seriyalarına “Emad” (mənzili ≈1700 km, döyüş başlığı 750 kq), “Ghadr-110” (mənzili ≈1350-1950 km, döyüş başlığı 650-1000 kq), “Dezful” (mənzili ≈1000 km, döyüş başlığı 700 kq) və “Khorramshahr-4” (həmçinin “Kheiber Shekan” da adlanır, mənzili ≈1500 km, döyüş başlığı 1500 kq), “Haj Qassem” (mənzili ≈1400 km, döyüş başlığı 500 kq) o cümlədən mahiyyətcə etibarilə uzadılmış R-17 (SSRİ indeksi 8K14, NATO təsnifatı üzrə SS-1c Scud B, qısaca Scud) raketi olan köhnə “Shahab-3” (mənzili ≈2500 km, döyüş başlığı 1000 kq) və son mərhələdə manevr edə bilən ən yeni “Fattah-1” (mənzili ≈1400 km, döyüş başlığı 450 kq)  və “Fattah-2” (mənzili ≈1500 km, döyüş başlığı 200 kq) raketləri daxildir. Bəzi İran OMBR isə kasset faydalı yükləri buraxmağa qadir görünür. İranın ballistik raketləri, “Soumar” və onun “Paveh” subvariantı kimi qanadlı raketlərin az ehtiyatları, çoxsaylı uzun mənzilli kamikadze PUA-ları və raketlə silahlanmış döyüş PUA-ları ilə tamamlanır.

Vaşinqtonda yerləşən “Silahlara Nəzarət Dərnəyi” (“Gun Control Association”) qeyri-kommersiya təşkilatının məlumatına görə, İranın raket proqramı daha çox Şimali Koreya və Rusiya layihələrindən istifadə edir, eyni zamanda Çinin hərbi-texniki yardımından da faydalanır.

Bununla belə, İraq hələ 1991-ci ildə İsrailə “Scud” raketləri ilə hücum edəndən bəri, İsrail ABŞ ilə birgə hazırlanmış raketdən müdafiəni həyata keçirə bilən çoxpilləli, inteqrasiya olunmuş HHM sisteminə sərmayə qoyub. İsrail coğrafi baxımdan kiçik olduğu üçün ölkəni üst-üstə düşən HHM təbəqələri ilə sıx şəkildə örtmək nisbətən asan olmuşdur. Bu sistemin məşhur alt qatı, “Iron Dome”, ilk növbədə (lakin müstəsna olaraq deyil) Həmas və Hizbullah tərəfindən buraxılan ucuz, qısa mənzilli artilleriya reaktiv mərmiləri və PUA-ları tutmaq üçün optimallaşdırılıb. Texniki olaraq, “Iron Beam” və “Light Blade” lazer silahları, həmçinin digər sistemlər alt təbəqəni gücləndirir.

Orta-uzun mənzilli təbəqə olan “David’s Sling”, “Stunner” adlı raketdən istifadə edərək həm təyyarələrdən, həm qanadlı raketlərdən, həm də qısa mənzilli ballistik raketlərdən qorunmaq üçün ABŞ tərəfindən təmin edilən MIM-104 “Patriot” ZRS batareyalarını əvəz edib. İsrail döyüş gəmiləri və yerüstü buraxma sistemləri də “David’s Sling” ilə müqayisədə tam yerli, daha ucuz və bir qədər qısa mənzilli olan orta-uzun mənzilli “Barak MX” HHM sistemindən istifadə edir. Bəzi məlumatlara görə, bu iyun ayında “Barak” HHM sistemi İran pilotsuz təyyarələrinə qarşı istifadə edilib.

İsrailin yuxarı müdafiə təbəqəsi orta mənzilli ballistik raketlərə qarşı qabiliyyətli köhnə “Arrow-2” (“Hetz-2”) və orta və qitələrarası raketlərə qarşı təsirli olan “Arrow-3” (“Hetz-3”) RƏM-dən ibarətdir. Bu üstünlüklər erkən xəbərdarlıq və yaxınlaşan təhlükələrə qarşı atəşi idarəetmə sensorlarını yönəltməyə kömək edən nəhəng  EL/M-2080 “Green Pine” seriyalı radarları ilə əldə edilir. İsrailin RƏM və HHM sistemi hazırda ABŞ Ordusunun MIM-104 “Patriot PAC-2/GEM+” və THAADS (Terminal High Altitude Area Defense System) batareyalarından biri ilə tamamlanır. Sonuncu xüsusi olaraq OMBR-in qarşısını almaq üçün nəzərdə tutulub.

İsrailin OMBR-lərə, qanadlı raketlərə və PUA-lara qarşı effektivliyi ilk dəfə 2024-cü ilin aprel və oktyabr aylarında İranın iki irimiqyaslı zərbələri ilə sınaqdan keçirilib. O zaman, ABŞ və digər müttəfiqlər tərəfindən ciddi şəkildə dəstəklənərək, İran raketlərinin 85%-dən çoxu vurulub.

İndi isə İsrail HHM və RƏM sisteminə nəzər yetirək.

IDF-də HHM və RƏM sistemləri birbaşa Hava-kosmik Qüvvələrin qərargahına tabe olan HHM komandanlığının 516-cı HHM diviziyasının tərkibində yerləşir. HHM komandanlığının birbaşa idarəetməsində atəş divizionları var. Atəş divizionları “Arrow-2” və “Arrow-3” RƏM, “Kela David”, MIM-104 “Patriot PAC-2/GEM+” ZRS, “Barak MX” və “SPYDER” zenit-raket kompleksləri (ZRK), “Iron Dome” qısa mənzilli RƏM sistemləri, həmçinin “Light Blade” və “Iron Beam” döyüş lazerləri ilə silahlanıb.

Hazırda HHM komandanlığı üç sektordan ibarətdir: Şimal, Mərkəzi və Cənub. Onlar yeddi atəş divizionu tərəfindən mühafizə olunur. Bundan başqa döyüş və arxa təminatı taborları (bölmələri), üç mühafizə taboru da var. Arxa Cəbhə Komandanlığı ilə qarşılıqlı əlaqədə olan Raket Təhlükəsini Əksetdirmə Mərkəzi əhalini xəbərdar etmək və raket əleyhinə sistemlərə hədəf təyinatlarını təqdim etmək üçün cavabdehdir.

Məlum olduğu kimi, istənilən HHM və RƏM sistemi radiolokasiya aşkaretmə vasitələrinə (radiolokasiya stansiyaları – RLS) əsaslanır. Silahlanmada əsasən yerli istehsal RLS yer tutur. Bunlarla yanaşı ABŞ istehsalı RLS-lər də mövcuddur. IDF üçün RLS  tədarükçüsü “Israil Aerospace Industries” şirkətinin törəməsi olan “Elta Systems LTD” şirkətidir. Hazırda İsrail ərazisində santimetr və desimetr diapazonunda işləyən stasionar RLS-li, təpələrdə yerləşdirilmiş, radioşəffaf sferik örtüklərlə örtülmüş üç RLS postu və bir aerostat RLS postu fəaliyyət göstərir.

Radiotexniki bölmələr həmçinin HHM və RƏM sistemləri silahlanmış zenit-raket divizionlarına (ZRDn) da verilə bilir. Bundan əlavə, G550 CAEW (Conformal Airborne Early Warning) AWACS (Airborne Warning And Control System) təyyarələri və “Eitan” PUA-ları qanadlı raketlər və PUA kimi hava hədəflərini vaxtında aşkar etmək və HHM sistemlərinə hədəf təyinatını təmin etmək üçün istifadə edilə bilər.

Atəş divizionlarının və radiotexniki bölmələrin silahlanmasında EL/M-2083 radarından istifadə edən EL/I-330 MPAS (Multi-Payload Aerostat System) kəşfiyyat və patrul aerostat sistemi, EL/M-2080 “Green Pine”, EL/M-2080S “Super Green Pine” (Green Pine Block-B), EL/M-2090 TERRA, EL/M-2084, EL/M-2084 MMR (Multi Mission Radar) 3D AESA (Active Electronically Scanning Array), EL/M-2084 M-MMR, EL/M 2106 ATAR 3D (Advanced Tactical Acquisition Radar), EL/M-2248 MF STAR, EL/M-2106NG və AN/TPY-2 (ABŞ, “Raytheon”) RLS-lər durur.

İsrailin məşhur HHM sistemi olan “Iron Dome” reaktiv mərmi və raketlərdən tutmuş PUA-lara və təyyarələrə qədər bir sıra hava təhlükələrinə qarşı durmaq üçün nəzərdə tutulmuş daha geniş sistemin yalnız bir komponentidir. Birinci təbəqə olan “Iron Dome” adətən 70 kilometr məsafədə qısa mənzilli raketləri və artilleriya mərmilərini qarşısını alır və əsasən mülki əraziləri qorumaq üçün istifadə olunur.

Daha sonra 100-200 kilometr məsafədən buraxılan orta mənzilli ballistik raketləri hədəf alan “Kela David” gəlir.

Nəhayət, “Arrow-2” və “Arrow-3” sistemlərindən ibarət olan “Arrow” sistemi uzun mənzilli müdafiəni təmin edir. “Arrow-2” yerdən təxminən 50 kilometr hündürlükdə və 100 kilometr radiusda atmosferin yuxarı hissəsində raketləri tutmaq üçün nəzərdə tutulub. “Arrow-3” isə bu həddi kosmosa qədər genişləndirir və 2400 kilometrə qədər məsafədə raketləri tutmaq qabiliyyətinə malikdir.

Praktikada, hər bir gələn raketi zərərsizləşdirmək üçün adətən onun özünün tutucu raketinə ehtiyac var. Məsələn, İran 100 raket buraxsa, İsrail onları tutmaq üçün təxminən 100 tutucu raket atmalı olacaq. Bu o deməkdir ki, hər təhlükə üçün bir önləyici var.

“Arrow-2” və “Arrow-3” RƏM sistemlərinin (ətraflı “Raket zərbəsi təhdidlərinə qarşı “Arrow” RƏM kompleksləri”) əsas elementlərinə altı uzaqmənzilli raket əleyhinə raketləri olan buraxma qurğuları (8-ə qədər buraxma qurğusu), EL/M-2080 “Green Pine” və ya EL/M-2080S “Super Green Pine” RLS-ləri, “Elisra Golden Citron” komanda-kommunikasiya mərkəzi, “İsrail Aerospace Industries Brown Hazelnut”, dizel elektrik stansiyası, RLS soyuducu bloku və rabitə vasitələri daxildir.

Məlumat üçün qeyd edək ki, İsrail ilk iki MIM-104 “Patriot” ZRK batareyasını 1991-ci il müharibəsinin başlanğıcında ABŞ Ordusundan alıb. XXI əsrin əvvəllərində İDF HHQ-də AN/MPQ-53 çoxfunksiyalı RLS-i, AN/MSQ-104 atəşi idarəetmə məntəqələri, hər birində dörd zenit idarə olunan raket (ZİR) olan M901 buraxma qurğuları, MIM-104D yer-hava raketləri, AN/MSQ-26 enerji təchizatı mənbələri, rabitə avadanlıqları, elektron və vizual kamuflyaj və köməkçi avadanlıq olan səkkiz MIM-104 “Patriot PAC-2/GEM” batareyası mövcud idi. Bu modifikasiya ilk növbədə aerodinamik hədəflərlə mübarizə üçün nəzərdə tutulmuşdu və məhdud raket əleyhinə imkanlara malikdir. Sonradan ABŞ-nin “Raytheon” və “Lockheed Martin” şirkətlərinin texniki dəstəyi ilə İDF mövcud MIM-104 “Patriot” ZRS-lərini “PAC-2/GEM+” səviyyəsinə yüksəltmiş və genişlənmiş raket əleyhinə imkanlara malik bu variant İsraildə “Yahalom” adlandırılmışdır.

İsrailin “Rafael Advanced Defence Systems” şirkəti ABŞ-ın “Raytheon” korporasiyası ilə birlikdə “Kela David” (“David’s Sling”) kimi tanınan ZRS hazırlayıb. O, 2017-ci ildə döyüş xidmətinə başlayıb. Hədəfin tutulması radiokomanda, aktiv radiolokasiya və infraqırmızı tuşlamanın kombinasiyası daxil olmaqla, birləşdirilmiş çoxkanallı tuşlama sistemli yüksək manevr qabiliyyətinə malik ikipilləli “Stunner” ZİR ilə həyata keçirilir. Zenit-raket batareyasına EL/M-2084 MMR RLS, komanda məntəqəsi və yarımqoşqulara quraşdırılmış 12 konteynerli şaquli startlı buraxma qurğuları daxildir. “Kela David” sistemi, MIM-104 “Patriot” ZRS kimi, həm aerodinamik, həm də ballistik hədəfləri vurmağa qadirdir və universaldır. O, “Arrow-2” və Arrow-3” uzaqmənzilli raket əleyhinə raket sistemləri ilə yaxın mənzilli “İron Dome” müdafiə sistemi arasında ara keçid kimi hesab edilir.

Keçmişdə ən çox yayılmış və tez-tez istifadə olunan sistem 70 km-ə qədər mənzilli raket və artilleriya mərmilərindən qorunmaq, həmçinin qanadlı raketlər və 10 km-ə qədər yüksəklikdə uçan təyyarələr kimi aerodinamik hədəfləri məhv etmək üçün təyin edilmiş “Iron Dome” taktiki RƏM sistemidir. Sistem “Rafael Advanced Defense Systems” və “Israel Aerospace Industries” şirkətləri tərəfindən birgə hazırlanıb. Kompleksin tərkibinə daxil olan “Tamir” ZİR üçün komponentlərin istehsalında ABŞ-nin “Raytheon” korporasiyası da iştirak edir. Minimal atəş məsafəsi 4,5 km-dir. Yeni versiyanın atəş məsafəsi 120 km-ə qədər artırılıb. Bir batareyanın 150 km²-ə qədər ərazini himayə edə biləcəyi bildirilir. Tutma aktiv radiolikasiya tuşlama sistemi olan “Tamir” ZİR tərəfindən həyata keçirilir.

İsrailin “Iron Dome”, “Kela David” və “Arrow” sistemlərinin hamısı raketləri tutma sistemləridir. Bu o deməkdir ki, onlar hücum etmək üçün deyil, gələn raketləri hədəflərinə çatmamış aşkar edib məhv etmək üçün təyin edilib.

Müəyyən vaxta qədər IDF rəhbərliyi əsas təhlükə olaraq Fələstinin kustar üsulla su borularından hazırlanmış “Qəssam” bərk yanacaqlı idarə olunmayan “yer-yer” sinif raketlərini və İranın ballistik raketlərini hesab edirdi. Bununla belə, İranın kütləvi şəkildə kamikadze PUA istehsalı ilə əlaqədar İsraildə aşağı hündürlükdə uçan uçuş aparatları ilə mübarizə apara bilən zenit-raket komplekslərinə daha çox diqqət yetirilib. Məlumdur ki, “Barak MX” ZRK İran PUA-larına qarşı istifadə olunub. Bu sistem Hindistanın sifarişi ilə gəmilərin təyyarələrə, gəmi əleyhinə raketlərə və idarə olunan bombalara qarşı obyekt HHM-ini təmin etmək üçün təyin edilmiş gəmi bazalanmalı “Barak-1” ZRK əsasında “Israil Aerospace Industries” və “Rafael Advanced Defence Systems” şirkətləri tərəfindən hazırlanmış “Barak-8” ZRK-inin bir variantıdır. “Barak MX” ZRK-nin yerüstü batareyası döyüş idarəetmə mərkəzindən, digər RLS-lər tərəfindən dəstəklənən çoxfunksiyalı işıqlandırma və tuşlama RLS-dən, səkkiz şaquli start raketi olan üç buraxma qurğusundan, nəql-doldurma maşınlarından, mobil dizel elektrik stansiyasından və rabitə vasitəsindən ibarətdir. Aktiv radiolokasiya özütuşlama başlığı olan bərk yanacaqlı iki pilləli ZİR tərəfindən aerodinamik hədəflərin məhv edilməsi məsafəsi 90 km-ə çatır. Ballistik raketlər isə 20 km zonada tutula bilir.

Təxminən 20 il əvvəl İsrailin “Rafael Advanced Defence Systems”, “Israel Military Industries” (hazırda “Elbit Systems” şirkətinin törəmə şirkətidir) və olan “ELTA Systems Ltd” şirkəti (hazırda “Israel Aerospace Industries” şirkətinin törəmə şirkətidir) qısa və orta məsafələrdə hava hədəflərini tutmaq üçün nəzərdə tutulmuş, qoşun və obyekt HHM sistemlərində istifadəyə yararlı SPYDER SR (Surface-to-air Python and Derby, Short Range) və SPYDER MR (Surface-to-air Python and Derby, Medium Range) mobil ZRK hazırlayıb. Hava hədəflərini məhv etmək üçün iki növ ZİR istifadə olunur:

– 20 km-ə qədər məsafədə yerüstü qurğudan buraxılış üçün uyğunlaşdırılmış infraqırmızı özütuşlama başlıqlı “Python-5” “hava-hava” sinif raketi istifadə olunur. Uçuş sürəti 4 Mach-dır.

– 50 km-ə qədər məsafədə hədəfləri vurmaq üçün isə aktiv radiolokasiya özütuşlama başlığı olan, “hava-hava” tapşırıqları üçün vizual mənzildən kənarda (Beyond Visual Range – BVR) qısa və uzun mənzilli “Derby” raketindən istifadə olunur. “Derby” raketinin həm aerodinamik, həm də ballistik hədəflərə, o cümlədən təyyarələrə, helikopterlərə, qanadlı raketlərə və PUA-lara qarşı hücum edə bildiyi bildirilir.

“Iron Dome” taktiki RƏM sisteminin tutucu raketlərinin yüksək qiyməti ucuz israil hərbi komandanlğını alternativlər axtarmağa məcbur edib. 2020-ci ilin avqustunda Qəzza zolağı ilə sərhəddə ilk növbədə ərəblərin yandırıcı qurğuları asdığı helium balonlarını məhv etmək üçün nəzərdə tutulmuş “Light Blade” (“Lahav Or”) lazer sistemi sınaqdan keçirilib. Sistem İsrailin “OptiDefense” şirkəti tərəfindən inkişaf etdirilib. Şarlardan başqa, bu döyüş lazeri 2 km-ə qədər məsafədə yüngül PUA-larla, reaktiv mərmi, artilleriya və minaatan mərmiləri mübarizə apara bilir. Bildirilir ki, sistem məhvetmə zonasına uçan hava şarlarının və kvadrokopterlərin demək olar ki, 100%-ni vurub, lakin onun effektivliyi onun qısa məsafəsi ilə ciddi şəkildə məhdudlaşır. Bununla yanaşı, istehsalçının məlumatlarının əksi olaraq, “Light Blade” sistemi aşağı enerji potensialına malik olması səbəbindən idarə olunmayan raketləri və minaatan minalarını vura bilmir. İlk dəfə 2020-ci ildə istifadəyə verildikdə, o, dünyada ilk lazer HHM sistemi idi. 2020-ci ilin qiymətlərinə əsasən, “Light Blade” sistemi ilə tutulmanın (məhetmənin) qiyməti təxminən 3,50 ABŞ dolları, “Iron Dome” sisteminin tutmasının (məhvetməsinin) dəyəri isə 100.000-150.000 ABŞ dollar arasında təxmin edilir.

“Light Blade” sistemi ilə müqayisədə daha güclü lazer silahı, İsrail mənbələrinin 10 km-ə qədər məsafəyə malik olduğunu iddia edən, “Rafael Advanced Defense Systems” şirkətinin ABŞ-nin “Lockheed Martin” şirkəti ilə əməkdaşlığı sayəsində yaradılmış “Iron Beam” (“Keren Barzel”) yüksək enerjili lazer silah sistemdir (High Energy Laser Weapon System – HELWS). Bununla birlikdə, döyüş lazer sisteminin effektivliyinin hava şəraitindən, atmosferin vəziyyətindən və hədəf növündən çox asılı olduğunu başa düşməyə dəyər. 2020-ci ildə nəşr olunan qeyri-rəsmi ekspert təhlili, hədəfə eyni vaxtda iki yüksək enerjili 100 kVt fiber optik lazerin atılması şərti ilə, “Iron Beam” sisteminin kustar üsulla hazırlanmış Fələstin raketlərini 7 km-dən başlayan məsafədə məhv edə biləcəyini söyləyib. “Iron Beam” sistemi hədəfləri aşkar edən və koordinatları dəqiq müəyyən edən RLS-dən, idarəetmə blokundan və sinxron işləyən iki lazer qurğusundan ibarətdir. Sınaq istismarın nəticələrinə əsasən, sistemin daha güclü “Iron Beam-M” yüksək enrjili modifikasiyasının yaradılması barədə qərar qəbul edilib. Bu, 250 mm-lik “Beam Director” aperturalı və yüksək xüsusiyyətlərə malik adaptiv optikası olan 50 kVt-lıq yüksək enerjili lazer sistemidir. Onun əsas tapşırıqlarına PUA-lara və süzən sursatlara qarşı qarşı hava hücumundan müdafiə daxildir. Sistemin modul komponentləri ISO standartalarına uyğun altlıqlara, yük maşınlarına və zirehli maşınlara quraşdırılmasına imkan verir. “Iron Beam-M” “Rafael” şirkətinin HELWS sisteminin ən müasir kompleksinin bir hissəsidir. Universal sistem olan “Iron Beam-M” həm müstəqil bölmə kimi fəaliyyət göstərə, həm də çoxpilləli HHM sisteminin bir hissəsi ola bilər.

İsraillə İran arasında silahlı qarşıdurmanın kəskin mərhələsi başa çatdıqdan sonra bildirmək olar ki, İrana məxsus 1000-dən çox kamikadze PUA və qanadlı raketlər öz məqsədinə çatmayıb və əsasən İsrail ərazisindən kənarda vurulub. PUA və qanadlı raket hücumlarının dəf edilməsində əsas rolu tutucu-qırıcılar, döyüş helikopterləri və İordaniyanın HHM sistemləri oynayıb. İsrailin yeni orta və qısa mənzilli ZRK-lərinin, eləcə də döyüş lazerlərinin bu münaqişədə necə çıxış etdiyi barədə hələlik heç bir məlumat yoxdur.

Bu və ya digər şəkildə, 8 saatdan çox hücum hədəfinə uçan yavaş İran “Shahed” PUA-ları müasir çoxpilləli HHM sistemi üçün asan hədəf olub və rəsmi məlumatlara əsasən İsrail ərazisində bir PUA-nın düşməsi qeydə alınıb.

Raket buraxılış rayonlarının daim ABŞ və İsrail kəşfiyyat peykləri tərəfindən izlənilməsi bir çox cəhətdən İran ballistik raketlərinə qarşı çıxmaq vəzifəsini asanlaşdırmışdı. İran üzərindən on milyonlarla kvadrat kilometr ərazi həm gecə, həm də gündüz yüksək dəqiqliklə çəkilib və münaqişə boyu 12000-dən çox peyk şəkli əldə edilib. İrandan İsrailə atılan ballistik raketin uçuş vaxtının 12-15 dəqiqə olduğunu nəzərə alsaq, üfüqdən yuxarı radar stansiyalarına əsaslanan İsrailin RƏM sisteminin hücumu dəf etməyə hazırlaşmaq üçün kifayət qədər vaxtı olduğunu görmək mümkündür.

İsrailin mülki və hərbi hədəfləri üçün ən böyük təhlükə İranın ballistik raketləri olub. ABŞ hesablamalarına görə, münaqişənin əvvəlində İranda 3000-dən çox müxtəlif sinif bərk və maye yanacaqlı ballistik raketlər, həmçinin 300-ə yaxın buraxma qurğusu olub. Lakin İrandan İsrailə doğru yalnız min kilometrdən çox məsafə qət edə bilən OMBR buraxıla bilər. İranın ISNA yarı-rəsmi xəbər agentliyinin məlumatına görə, ölkədə bu qabiliyyətə malik 9 müxtəlif növ raket var. İranın raketlərinin əhəmiyyətli bir hissəsi 1960-cı illərdə yaradılmış Sovet istehsalı R-17 (“Scud”) raketinin Şimali Koreya nümunəsinə əsaslanan arxaik quruluşa və maye raket mühərrikinə malikdir. İran İslam Respublikası maye yanacaqlı raket mühərrikli raketlərdən başqa, bərk yanacaqla işləyən OMBR-lər hazırlayıb və kütləvi istehsal edib.

İran mətbuatında dərc olunan məlumatlara görə, 2006-cı ildən sonra istehsal edilən raketlər yeni idarəetmə sisteminin istifadəsi sayəsində 50-100 metrlik ehtimal edilən dairəvi sapmaya (Circular Error Probable – CEP) nail olunub. Bunun əslində belə olub-olmadığı bilinmir, lakin əksər Qərb ekspertləri nişanalma nöqtəsindən faktiki sapmaların 10 dəfə çox ola biləcəyi ilə razılaşırlar. Hansı ki, bunu ümumiyyətlə, İran ballistikasından istifadənin nəticələri də təsdiq edir.

İranın raket zərbələri ilə bağlı ətraflı statistik məlumatlar mənbədən-mənbəyə dəyişir. Amma mövcud məlumatlara əsaslanaraq demək olar ki, zərbə mübadiləsi dayandırılmamışdan əvvəl İran “Doğru vəd 3” əməliyyatı (“Operation True Promise III”) zamanı İsrailə 500-dən çox ballistik raket buraxa bilib. Raket hücumlarına Yəmən husiləri də qoşulub.

Açıq mənbələrin məlumatına görə, münaqişənin ilk üç günündə İran gündə orta hesabla 120-dən çox raket atıb. Bununla belə, iyunun 16-da axşam saatlarından başlayaraq atışların sayı gündə 3-5-ə qədər azalıb. Bir sıra Rusiya KİV-ləri bunu İranın sağ qalan hərbi-siyasi rəhbərliyinin “tükədici müharibə” aparmaq qərarına gəlməsi və raketlərə qənaət etməsi ilə izah edib. Reallıqda, hücumların sayının azalması ilk növbədə İran silahlı qüvvələrinin nizamsızlığı, raket arsenallarının məhv edilməsi və İsrail HHQ-nin buraxma qurğularına qarşı böyük hücumlarla bağlı olub. Sonradan raket buraxılışlarının sayında artımlar oldu, lakin İranın son dərəcə döyüşkən ritorikasına baxmayaraq, bir yaylım ilə 25-dən çox raket buraxılmadı ki, bu da İranın zərbə potensialının azaldığını göstərir. Ümumilikdə İranın 33 raketi İsrailin yaşayış məntəqələrini vurub.

“Reuters” agentliyi xəbər verir ki, bir İsrail hərbi rəsmisi ölkənin HHM qalxanının “80-90 faiz müvəffəqiyyət nisbətinə” malik olduğunu, eyni zamanda “heç bir sistemin 100 faiz effektiv olmadığını” vurğulayaraq, bəzi İran raketlərinin İsrailin HHM sistemini yan keçdiyini ifadə edib.

12 günlük İsrail-İran müharibəsini işıqlandıran bir sıra nəşrlər İsrailin “Iron Dome” sisteminin effektivsizliyindən bəhs edir. Bu isə çox qəribədir. Çünki, hətta qeyri-mütəxəssislər də bilirlər ki, “Iron Dome” sistemi ilk növbədə qısa mənzilli idarə olunmayan raketləri və artilleriya mərmilərini tutmaq üçün təyin edilib və heç cürə orta mənzilli ballistik raketlərə qarşı deyil. Bununla belə, “Iron Dome” sisteminin tutucularının buraxılışı da baş verib. Bu ilk növbədə, onların düşməsi nəticəsində dəyən zərəri azaltmaq üçün İranın artıq vurulmuş raketlərin böyük fraqmentlərini parçalamaq üçün edilib.

Qeyd etmək yerinə düşər ki, İran ballistikası ilə mübarizənin əsas yükü “Arrow-2”, “Arrow-3” və “Kela David” sistemlərinin üzərinə düşürüb. Bu mübarizədə MIM-104 “Patriot PAC-2/GEM+” və “Barak MX” ZRK-inin də iştirak etdiyi istisna edilmir.

Beləliklə, İranla cəmi 12 günlük son qarşıdurmada İsrail onilliklər boyu hərbi innovasiyaları sınaqdan keçirərək texnoloji üstünlük və strateji koordinasiya səviyyəsini nümayiş etdirməklə artan raket və PUA təhlükəsinə qarşı döyüş meydanını yenidən formalaşdırdı.

İsrailin Raketdən Müdafiə Təşkilatının rəhbəri Moşe Patel, İsrailin müxtəlif müdafiə platformaları arasında misli görünməmiş koordinasiya səviyyəsini, ABŞ sistemləri ilə qüsursuz sinxronizasiyanı müharibənin müəyyənedici uğurlarından biri kimi vurğulayıb. “Bu əməliyyatın ən böyük nailiyyəti [İsrailin] bütün silah sistemlərinin bir-biri ilə koordinasiyalı fəaliyyət göstərməsi və ABŞ sistemləri ilə əməkdaşlıq etməsidir ki, bu da bizə böyük uğurlar əldə etməyə imkan verir”, – deyə, o, qeyd edib.

İsrail Müdafiə Nazirliyinin rəsmilərinin fikrincə, xərc-fayda nöqteyi-nəzərindən müharibənin maliyyə yükü, o cümlədən raketlər, PUA-lar və kosmosa əsaslanan aktivlər, onların istifadəsi nəticəsində qarşısı alınan təxmin edilən zərərdən əhəmiyyətli dərəcədə aşağı idi və bu, hərbi texnologiyaya uzunmüddətli investisiyaların strateji dəyərini gücləndirir.

İsrail və İran arasındakı 12 günlük müharibə Ukraynada və Yaxın Şərqdəki əvvəlki münaqişələrdə artıq aşkar olan raketdən müdafiənin bir neçə əsas reallığını üzə çıxardı: ballistik raketləri məhv etmək üçün üsula sahib olmaq çox cazibədardır, lakin bu, həddən artıq bahadır. Onlar hətta müdafiə etdikləri raketlərdən də bahadır. Qlobal miqyasda tutucu raketlərin illik istehsalı, hədəf alına biləcək hücum arsenalları ilə müqayisədə hələ də kifayət deyil.

Ümumilikdə isə belə qənaətə gəlmək olar ki, İsrailin HHM və RƏM sistemi yaxşı effektivlik nümayiş etdirərək İranın ballistik raketlərinin ən azı 85%-ni zərərsizləşdirib. Münaqişə başlamazdan cəmi bir həftə əvvəl təkmilləşdirilmiş “Arrow” sistemlərinin sürətlə yerləşdirilməsi bu rəqəmi daha da gücləndirib. Nəzərə alsaq ki, ilk günlərdə İran İsrailin raketdən müdafiə sistemini həddindən artıq yükləməyə çalışıb, bu, çox yaxşı göstəricidir. İsrailin uzun müddət İranla silahlı qarşıdurmaya diqqətlə hazırlaşması da diqqət çəkir. İran OMBR-lərinin təxmini sayını bilən İsrail Müdafiə Ordusunun sərəncamında kifayət qədər aşkaretmə avadanlığı, raket əleyhinə tutucu raketlər və atəş batareyaları var idi.

Bundan başqa, İran PUA-larının 99%-dən çoxu İsrailin çoxpilləli HHM sistemlərinin təkmilləşdirilməsi, o cümlədən bu ilin əvvəlində PUA dəstələrinə qarşı “Iron Dome” sistemini  sınağı sayəsində vurulub.

Baş vermiş müharibədə, İsrail çoxpilləli müdafiə şəbəkəsindən istifadə etsə də, hər bir pillə xüsusi təhlükə profilinə uyğunlaşdırılıb. Mümkündür ki, İsrail hərbi komandanlığı İranın hazırkı zərbələrini nəzərə alacaq və müxtəlif sinif raketlər və PUA-lar da daxil olmaqla qarışıq hücumları və düşmənlərin artan imkanlarını müdafiə strategiyalarında əks etdirəcəklər. İsrailin təcrübəsi göstərir ki, dünyada heç bir HHM və RƏM sistemi mükəmməl müdafiə təmin edə bilməz, lakin çoxpilləli, hərtərəfli yanaşma riskləri əhəmiyyətli dərəcədə azalda bilər.

Amma, bütün bu müdafiə tədbirlərə baxmayaraq, analitiklər iddia edirlər ki, İsrailin İran rejiminin mərkəzini hədəfə almaq qərarı riskləri artırır. Çünki İran cavab olaraq qonşu ölkələrdəki digər hədəfləri vura bilər, bununla da regionda münaqişəni gücləndirə və ya Fars körfəzində ticarəti pozmağa cəhd edə bilər.

Böyük Britaniyanın “Chatham House” Təhlil Mərkəzinin (həm də Kral Beynəlxalq Münasibətlər İnstitutu kimi də tanınır) baş elmi işçisi Dr. Marion Messmer öz təhlilində yazır: “İsrail onun nüvə və hərbi obyektlərinə hücum etməyə davam edərsə, İran öz obyektlərinə daha çox ziyan vurulmasının qarşısını almaq və suverenliyini müdafiə etmək qabiliyyətinə malik olduğunu nümayiş etdirməkdən ötrü mümkün qədər tezmüddətdə  ilkin nüvə silahı yaratmaq üçün güclü stimula malik olacaq”.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS