İsrail Sinqapura “Orbiter-4” PUA-ları tədarük edəcək

İsrail Sinqapura “Orbiter-4” PUA-ları tədarük edəcək

Sinqapur Hərbi Hava Qüvvələri İsrailin “Aeronautics Defense Systems” şirkətinə “Orbiter-4” pilotsuz uçuş aparatları (PUA) sifariş edib.

“Poliqon” Sinqapur mediasına istinadən xəbər verir ki, “Aeronautics Defense Systems” şirkətinin Sinqapur Ordusuna tədarük edəcəyi PUA-ların sayı və qiyməti açıqlanmayıb.

Çoxməqsədli “Orbiter-4” taktiki PUA eyni vaxtda iki növ faydalı yükü daşımaq qabiliyyətinə malikdir. Quruda və dənizdə istifadə oluna bilən “Orbiter-4” PUA əsasən məlumat toplamaq, müşahidə, kəşfiyyat, hədəf təyini, sərhəd mühafizəsi kimi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub.

“Orbiter-4” PUA-nın qanadlarının genişliyi 5,4 m, maksimal çəkisi 50 kq, faydalı yükün çəkisi 12 kq, maksimal sürət 130 km/saat, maksimal uçuş hündürlüyü 5500 metrdir. PUA 3 nəfər heyətlə idarə olunur.

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində “Orbiter-4” PUA-lardan uğurla istifadə olunub.

Rizvan Fikrətoğu

Poliqon.az

CATEGORIES
TAGS