İsrail şirkəti ABŞ-da “Hero” seriyalı süzən sursatlar istehsal edəcək
İsrailin “UVision” şirkəti ABŞ-ın Virciniya ştatının Stafford qraflığında istehsal və təlim mərkəzi yaradaraq ABŞ-dakı fəaliyyətini genişləndirməyə davam edir.
“Poliqon” xəbər verir ki, İsrail şirkəti “Quantico” Korporativ Mərkəzində 25.000 kvadrat fut ərazidə ABŞ hökuməti və beynəlxalq müştərilər tərəfindən süzən sursatların hazırlanması və istehsalı üçün verilən müqavilələri yerinə yetirəcək. Yeni istehsalat müəssisəsində 2022-ci ilin ortalarında HERO seriyalı süzən sursatların istehsalına başlanacaq.
Bildirilib ki, “UVision Air Ltd”nin bütövlükdə törəmə şirkəti olan “UVisionUSA” korporasiyası “UVision”un qlobal əməliyyatlarının davam edən genişlənməsində mühüm rol oynayır. ABŞ daxilində yerli istehsal imkanlarını artırmaqla, “UVision USA” ABŞ müştərilərinə yüksək səviyyəli, sürətli reaksiyasını daha da təkmilləşdirə və beynəlxalq müştərilərə – birbaşa və ya hökumətdən-hökumətə təşəbbüslər vasitəsilə onlarla yerli istehsal imkanlarını yarada biləcək.
Süzən sursatların müxtəlif növlərinin yaradılması və istehsalı üzrə ixtisaslaşmış İsrailin “UVision” şirkətinin HERO süzən sursat ailəsi müxtəlif növ faydalı yüklərdən istifadə edərək, müxtəlif məsafələrdə müxtəlif missiyalar üçün nəzərdə tutulmuş səkkiz sursat sistemindən ibarətdir.
“UVision” şirkətinin portfelində 3 kq-dan 150 kq-dək çəkidə və fərqli mənzillərə malik süzən sursatlar yer alır. Bir nəfər tərəfindən daşınan, 3 kq çəkili “Hero 30” “Hero” gəzən sursatlar ailəsinin ən kiçik qabaritli nümunəsidir. Dəqiqə ərzində atışa hazır vəziyyətə gətirilə bilən “Hero 30”un uzunluğu 0.8 metr, sürəti 100 dəniz milidir. 0.5 kq yüksək effektli partlayıcı daşıyan, elektrik mühərrikə sahib “Hero 30” havada 30 dəqiqə qala bilir. “Hero 30”un 5, 10, 40 km mənzilli versiyaları mövcuddur. Xüsusi qabda yerləşən sursat pnevmatik üsulla atışdan sonra mühərrikin işə düşməsi nəticəsində uçuşunu davam etdirir. İnfraqırmızı elektro-optik sensorla təchiz olunmuş “Hero 30” təxminən 300-600 metr yüksəkliyə qalxaraq hədəf axtarışını aparır, bu zaman görüntünü xüsusi hazırlanmış DataLink sistemi ilə operatorun monitoruna ötürür.
Yeddi kiloqram çəkiyə malik “Hero 70” isə 40 km mənzilə malikdir. Müxtəlif tip döyüş başlıqları ilə (1.2 kq) təchiz oluna bilən “Hero 70” elektrik mühərriklə havada 45 dəqiqə axtarış aparmağı bacarır. Tank, zirehli texnikaya qarşı və digər strateji məqsədlər üçün nəzərdə tutulan “Hero 120” sursatı isə “UVision”un qısa mənzilli süzən sursatların ən böyüyüdür. Üzərində 3.5 kq partlayıcı döyüş başlığı daşıyan “Hero 120” 60 dəqiqədən artıq havada qala bilir. Hədəflərin izlənməsindən məhvinə qədər bütün prosesləri dəqiqliklə həyata keçirən bu sursatın ümumi çəkisi 12.5 kq, mənzili 40 km-dən çoxdur.
Benzin mühərrikə sahib 25 kq çəkili “Hero 250” sursatı isə 3 saat uçuş imkanına və 150 km mənzilə sahibdir. “Hero 250”nin faydalı yükünə gündüz kamerası, infraqırmızı kamera və 5 kq ağırlığında yüksək effektli partlayıcı maddə daxildir.
Uzun mənzilli süzən sursatlar sırasında yer alan digər sursat – “Hero 400” (“Blade Arrow”) 150 km mənzilə, yüksək dəqiqliyə malikdir. Təxminən 40 kq çəkisi olan “Hero 400” 8 kq döyüş başlığına və 4 saatlıq uçuş müddəti ilə önə çıxır. “Hero 400” xüsusilə asimmetrik münaqişələr üçün əhəmiyyətli həllərdən hesab olunur. “UVision”un 20 kq döyüş başlığı ilə təchiz olunmuş “Hero 900” süzən sursatı isə 7 saat havada qala bilməsi ilə sinfində ən yüksək göstəriciyə imza atır. Toplam ağırlığı 97 kq təşkil edən “Hero 900”ün mənzili 250 km-dir.