İsrail şirkəti yeni “SpyX” süzən sursatını təqdim edib
İsrailin “Israel Aerospace Industries” (IAI) şirkətinin tərkibinə daxil olan “BlueBird Aero Systems” şirkəti “SpyX” adlı yeni süzən sursatını (kamikadze PUA) təqdim edib.
Bu barədə “Poliqon” “BlueBird Aero Systems”ə istinadən xəbər verib.
“SpyX” mini süzən sursatı taktiki qruplara 50 km-ə qədər məsafədə hədəfi aşkarlamaq və vurmaq imkanı vermək üçün nəzərdə tutulub. “SpyX”in vasitəsilə həm zərbə tapşırıqlarının, həm də kəşfiyyat və müşahidə missiyalarının yerinə yetirilməsi mümkün olsa da, əsas vəzifəsi düşmən hədəflərinin məhv edilməsidir.
Elektrikli mühhərriklə təchiz olunan “SpyX”, düşmənin zirehli texnikalarını (tanklar, piyada döyüş maşınları, zirehli transportyorlar və s.), canlı qüvvəsini və zirehsiz nəqliyyat vasitələrini məhv etmək bacarığına sahibdir.
Əsas xüsusiyyətləri:
- Əməliyyat mənzili – 50 km-ə qədər;
- Ümumi kütləsi – 10 kq;
- Döyüş başlığının ağırlığı – 2.5 kq;
- Havada qalma müddəti – 90 dəqiqə;
- Maksimum uçuş sürəti – 250 km/saat.