İsrail və BƏƏ şirkətləri birgə insansız katerlər hazırlayacaq
İsrailin IAI (“Israel Aerospace Industries”) şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Edge” konserni arasında “Dubai Airshow-2021” aviasiya sərgisi çərçivəsində iki müqavilə imzalanıb.
“Poliqon” IAI şirkətinə istinadən xəbər verir ki, birinci müqavilə insansız katerlərin (USVs), ikinci müqavilə isə elektro-optik/infraqırmızı (EO/IR) sistemlərin birgə istehsalını əhatə edir.
Birinci razılaşmaya əsasən, IAI şirkəti “Edge” konserninə daxil olan ADSB şirkəti ilə birgə insansız katerlər hazırlayacaq. ADSB şirkəti inşa ediləcək insansız katerin dizaynı, idarəetmə sistemi, faydalı yük inteqrasiyası və əməliyyatların inkişafı konsepsiyasına cavabdehdir. IAI şirkəti isə gəminin avtonom idarəetmə sistemini inkişaf etdirəcək və faydalı yükləri missiya tələblərinə uyğun olaraq idarəetmə sistemi bölmələrinə inteqrasiya edəcək.
Qeyd edək ki, IAI şirkəti hazırda 2200 kq faydalı yük daşıyan və 350 dəniz mili məsafəsində əməliyyat icra edə bilən “Katana” adlı insansız sürətli kater istehsal edir. “Katana” sürətli kateri 30 knot kruiz sürətinə malikdir, 60 knot sürətə çata bilər. Platformanın komanda-nəzarət stansiyası mobil ola bilər, iki operator və bir əməliyyat komandiri tərəfindən idarə olunur. “Katana” həmçinin pilotsuz uçuş aparatlarında (PUA) da quraşdırılan POP300D-HD yüksək dəqiqlikli sensor sistemi istifadə edir.