
İsrail və Yunanıstan hökumətləri arasında təxminən 3 milyard avro dəyərində “Achilles Shield” (“Axilles Qalxanı”) adlı böyük müdafiə müqaviləsi imzalanıb.
Bu barədə “Poliqon” İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Müqaviləyə əsasən, Təl-Əviv Afina üçün geniş spektrli təhdidlərə qarşı tamamilə İsrail istehsalı sistemlərə və müdafiə qurumlarının müharibə zamanı əldə etdiyi geniş əməliyyat təcrübəsinə əsaslanan çoxqatlı hava hücumundan müdafiə (HHM) arxitekturası yaradacaq. “Axilles Qalxanı” müqaviləsinə aşağıdakılar daxildir:
- İsrail Müdafiə Nazirliyinin DDR&D strukturunda fəaliyyət göstərən İsrail Raketdən Müdafiə Təşkilatı tərəfindən hazırlanan və baş podratçı kimi “Rafael”in iştirak etdiyi “David’s Sling” sistemi;
- “Rafael” tərəfindən istehsal olunan SPYDER sistemi;
- IAI tərəfindən istehsal olunan BARAK MX sistemi;
- Hava məkanının müşahidəsi üçün IAI-nin törəmə şirkəti “ELTA Systems” tərəfindən istehsal olunan MMR çoxməqsədli radarları;
- Hava hücumundan müdafiə imkanlarının bütün spektrini vahid sistemdə birləşdirəcək və “Rafael” tərəfindən hazırlanacaq yeni milli komanda-idarəetmə sistemi.
Bildirilib ki, bu, İsrail və Yunanıstan arasında imzalanmış ən böyük müdafiə ixracı müqaviləsi, eləcə də İsrail dövlətinin tarixində ən böyük müdafiə ixracı sazişlərindən biridir. Eyni zamanda, Yunanıstanda “Axilles Qalxanı” kimi tanınan proqram ölkə tarixində ən böyük müdafiə layihələrindən biri hesab edilir.
Bundan başqa, strateji obyektlərin PUA və dron təhdidlərindən müdafiəsi və mövcud müdafiə imkanlarının gücləndirilməsi məqsədilə “Rafael” şirkətinin “Drone Dome” sistemlərinin satışı ilə bağlı 26 milyon avro dəyərində əlavə müqavilə də imzalanıb.
Həmçinin Yunanıstan Müdafiə Nazirliyi ilə davam edən dialoq və iki nazirlik arasında hökumətlərarası (G2G) əməkdaşlıq çərçivəsində İsrail Yunanıstanla müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirəcək. Bu əməkdaşlıq yerli sənayeyə bilik və texnologiyaların ötürülməsini də əhatə edəcək.






