
İsrailin “Rafael Advanced Defense Systems” (“Rafael”) şirkəti SPYDER hava hücumundan müdafiə (HHM) sisteminin növbəti sınağını uğurla həyata keçirib.
“Poliqon” “Rafael”ə istinadən xəbər verir ki, sınaq zamanı SPYDER sistemi son dövrdə əldə olunan əməliyyat təcrübəsi əsasında təkmilləşdirilmiş imkanlarını nümayiş etdirərək mürəkkəb hava təhdidlərini yüksək dəqiqliklə zərərsizləşdirib.
Bildirilib ki, keçirilən sınaq döyüş şəraitində effektivliyini sübut etmiş və hazırda dünyanın müxtəlif bölgələrində strateji obyektlərin hava müdafiəsini təmin edən SPYDER HHM sistemi üçün mühüm inkişaf mərhələsi hesab olunur.
SPYDER sistemi “Rafael”in PYTHON və DERBY “hava-hava” raketləri əsasında hazırlanmış mobil hava hücumundan müdafiə sistemidir və çoxqatlı müdafiə konsepsiyasının bir hissəsi kimi fəaliyyət göstərir. Sistem təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli idarəolunan sursatlar daxil olmaqla müxtəlif hava təhdidlərini məhv etmək üçün nəzərdə tutulub. SPYDER-in modul və döyüş şəraitində özünü doğrultmuş quruluşu onun həm sabit, həm də mobil əməliyyatlara uyğunlaşdırılmasına imkan verir. Sistemin arxitekturası və sürətli reaksiyası mürəkkəb hava şəraitində və dəyişən əməliyyat mühitində strateji obyektlərin effektiv müdafiəsini təmin edir.




