
İsveçin “Saab” şirkəti Finlandiya Müdafiə Qüvvələrinin Logistika Komandanlığından RBS 70 NG daşınan zenit-raket komplekslərinin (DZRK) tədarükü üçün sifariş alıb.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, sifarişin dəyəri 1,2 milyard İsveç kronu təşkil edir.
Müqaviləyə təlim, ehtiyat hissələri və texniki xidmət paketi də daxildir.
Finlandiya Müdafiə Qüvvələri 2008-ci ildən etibarən RBS 70 sisteminin əvvəlki versiyasından istifadə edir. Sistemin ən yeni versiyası olan RBS 70 NG radioelektron müdaxiləyə qarşı dayanıqlı lazerlə idarə olunan raketlə təchiz edilib. Sistem, həmçinin avtomatik hədəf izləmə və daxili gecəgörmə imkanları kimi bir sıra yeni funksiyalara malikdir. Bu xüsusiyyətlər hədəfin vurulma ehtimalını artırmaqla yanaşı, sistemin döyüş şəraitində operativ istifadəsini də təkmilləşdirir.





