
İsveç Fransa Ordusuna AT4 qumbaraatanları tədarük edəcək
İsveçin “Saab” şirkəti Fransa Ordusuna AT4 tank əleyhinə qumbaraatanları tədarük edəcək.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında 24 milyon avro dəyərində müqavilə imzalanıb.
Müqaviləyə əsasən, “Saab” şirkəti AT4 qumabaraatanlarını cari il ərzində istehsal edib Fransa Ordusuna təhvil verəcək.
AT4 qumbaraatanları yüksək atəş gücü, zireh dəlmə bacarığı, istifadə rahatlığı və 200-1000 metr effektiv mənzilə sahib olması ilə ön plana çıxır. Qumbaraatanın AT4 ISI, ATCS HP, AT4CS RS, AT4CS ER, AT4CS AST və AT4CS HE modelləri mövcuddur.
Bu qumabaraatan ailəsi Fransada “Roquette” NG (Nouvelle Generation) adı ilə tanınır. Fransa Silahlı Qüvvələri bundan öncə “Saab”dan AT4 qumbaraatanının AT4CS ER, AT4CS AST və AT4CS HE modellərini sifariş edib.
Hazırda AT4 qumbaraatanları bir çox ordu tərəfindən, eləcə də Ukrayna-Rusiya müharibəsində Ukrayna Silahlı Qüvvələri tərəfindən (ABŞ Müdafiə Nazirliyi hərbi yardım çərçivəsində tədarük edib) Rusiya Quru Qoşunlarının tanklarını, zirehli transportyorlarını və nəqliyyat vasitələrini məhv etmək üçün istifadə olunur.
Qeyd edək ki, şirkət indiyə kimi 1 milyon ədəddən çox AT4 qumbaraatanı istehsal edib və sifarişçilərə çatdırıb.