
“Saab” şirkəti İsveç Müdafiə Avadanlıqları Administrasiyasının (FMV) ölkənin Hərbi Hava Qüvvələri (HHQ) üçün sifariş etdiyi ilk “GlobalEye” havadan erkən xəbərdarlıq və idarəetmə (AEW&C) təyyarəsini təqdim edib.
“Poliqon” “Saab”a istinadən xəbər verir ki, “GlobalEye” təyyarəsi İsveçə qabaqcıl havadan erkən xəbərdarlıq və idarəetmə imkanları qazandıracaq.
Bu təyyarə vaxtında qərarların qəbul edilməsini və əməliyyatların effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün zəruri informasiya üstünlüyü yaradacaq. O, hava, quru və dəniz məkanlarında uzaq məsafəli müşahidə apararaq hərtərəfli əməliyyat mənzərəsi formalaşdırır ki, bu da İsveçin müdafiə qabiliyyətini gücləndirir və milli təhlükəsizliyini artırır.
Təyyarə sifarişçiyə təhvil verilməsindən əvvəl sınaq və yoxlama mərhələsinə keçəcək.
Qeyd edək ki, İsveç FMV “Saab” şirkətinə üç “GlobalEye” təyyarəsi sifariş edib. İlk iki təyyarə 2022-ci ildə, üçüncüsü isə 2024-cü ildə sifariş olunub.





