
KNDS şirkəti İsveçin Müdafiə Avadanlıqları İdarəsinə (FMV) modernləşdirilmiş ilk “Stridsvagn 123 A” (LEOPARD 2 SWE) tankını təhvil verib.
“Poliqon” KNDS-ə istinadən xəbər verir ki, ümumilikdə 110 ədəd “Stridsvagn 123 A” tankının modernləşdirilməsini nəzərdə tutan REMO proqramının 2030-cu ildə tamamlanması planlaşdırılır.
Bildirildiyinə görə, proqram İsveç Ordusunun bütün LEOPARD 2 tanklarını əhatə edir. Modernləşdirmə çərçivəsində tankların döyüş imkanlarının artırılması, mühafizə səviyyəsinin yüksəldilməsi, rəqəmsallaşdırma tədbirlərinin həyata keçirilməsi və logistika dəstək paketinin təmin olunması nəzərdə tutulub.
Modernləşdirilmiş tank yeni L55 A1 topu ilə təchiz edilib ki, bu da atəş məsafəsinin və atəş gücünün əhəmiyyətli dərəcədə artırılmasına imkan verir. Bundan başqa, “Stridsvagn 123 A” tam rəqəmsal avadanlıqlar və yüksək səviyyəli şəbəkə imkanları ilə təchiz olunub.




