İsveç üçün CV90 PDM-inin iki yeni variantı istehsal olunacaq

İsveç üçün CV90 PDM-inin iki yeni variantı istehsal olunacaq

Böyük Britaniyanın “BAE Systems” və Norveçin “Ritek AS” şirkəti birlikdə İsveç Silahlı Qüvvələri üçün CV90 piyada döyüş maşınının (PDM) iki yeni variantını istehsal edəcək.

“Poliqon” “BAE Systems”ə istinadən xəbər verir ki, bununla bağlı iki şirkət arasında müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Ritek AS” şirkəti “BAE Systems”in İsveçdə fəaliyyət göstərən törəmə şirkəti “BAE Systems Hägglunds” ilə birgə çalışacaq. Hazırlanacaq yeni variantlar “Forward Maintenance” və “Combat Engineer” verisayaları olacaq.

“Forward Maintenance” variantı digər texnikalar üçün kritik cəbhə dəstəyi göstərəcək və onların təmir-bərpa işlərinin yerinə yetirilməsini təmin edəcək. “Combat Engineer” verisayası isə yerli bölmələrin həm hərəkət marşrutunun təmizlənməsini həyata keçirəcək, həm də onların düşmən qüvvələrinin hərəkətliliyinin qarşısını almaq qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Qeyd edək ki, CV90 PDM ailəsinin konstruktoru və istehsalçısı olan “BAE Systems Hägglunds” şirkəti, bundan öncə də “Ritek AS” ilə birlikdə bir sıra layihələri icra edib. Hər iki şirkət əvvəlcə Norveç Ordusuna məxsus 144 ədəd CV90-ın geniş şəkildə təkmilləşdirməsi proqramında, daha sonra isə Norveç Silahlı Qüvvələrinə 20 ədəd yeni CV90 PDM-inin tədarük edilməsi layihəsində birgə fəaliyyət göstərib.

Hazırda Danimarka, Estoniya, Finlandiya, Norveç, İsveç, İsveçrə və Niderland Silahlı Qüvvələrinin texnika parkında ümumi olaraq təxminən 1300 ədəd CV90 PDM-i mövcuddur. Bu yaxınlarda Slovakiya Müdafiə Nazirliyi ilə 152 ədəd CV90 PDM-inin alqı-satqısına dair müqavilə imzalanıb. Eyni zamanda Çexiya da köhnə piyada döyüş maşınları parkını əvəz etmək üçün CV90-ı seçib.

Poliqon.az

CATEGORIES
TAGS