İsveç və Ukrayna “Gripen” qırıcılarının tədarükünə dair müzakirə aparır

İsveç və Ukrayna “Gripen” qırıcılarının tədarükünə dair müzakirə aparır

İsveç “Gripen” döyüş təyyarələrinin Ukraynaya tədarük olunması ilə bağlı müzakirələri davam etdirir.

“Poliqon” xəbər verir ki, bunu “The Kyiv Independent” nəşrinə müsahibəsi zamanı İsveçin müdafiə naziri Pol Yonson deyib.

Qeyd edək ki, ötən il İsveç hökuməti JAS-39 “Gripen” döyüş təyyarələrinin Ukraynaya tədarük edilə biləcəyini açıqlamışdı. Ancaq həmin vaxt İsveç tərəfi döyüş təyyarələrini tədarük etməkdə tərəddüd etmiş və bu variantı nəzərdən keçirməzdən əvvəl ilk növbədə NATO-ya qatılmalı olduqlarını bildirmişdilər. Bu isə onu deməyə əsas verir ki, cari ilin martın 7-də İsveçin NATO-ya qəbul edilməsi ilə “Gripen”lərin Ukraynaya tədarükünün qapıları açılıb.

JAS 39 “Gripen” 1980-ci illərdə “Saab” şirkəti tərəfindən hazırlanmış dördüncü nəsil çoxməqsədli qırıcıdır. Qırıcının ilk modifikasiyası olan “Gripen A” 1997-ci ildə İsveç HHQ tərəfindən silahlanmaya qəbul edilib. Bu gün JAS 39 “Gripen” qırıcıları İsveç ilə yanaşı, həm də Macarıstan, Çexiya, Cənubi Afrika, Tayland və digər ölkələrin Hərbi Hava Qüvvələrində silahlanmadadır.

“Gripen”in son variantı olan “Gripen E” qırıcısının yaradılması üzərində işlərə 2013-cü ildə başlanılıb. “Gripen E” qırıcısının uzunluğu 15.2 m, eni 8.6 m, maksimal uçuş kütləsi 16.5 tondur. Qırıcının silahlar üçün on asma nöqtəsi və 27 mm çaplı Mauser BK27 avtomatik topu var. Hava hədəfini tutmaq və məhv etmək üçün elan edilmiş döyüş hazırlığı 10 dəqiqədir.

CATEGORIES
TAGS