İtaliya “Hero-30” kamikadze dronları sifariş edib

İtaliya “Hero-30” kamikadze dronları sifariş edib

Bu il İsrailin “Hero-30” süzən pilotsuz uçuş aparatlarını (PUA) sifariş edən və adı açıqlanmayan Avropa NATO üzvünün İtaliyanın Xüsusi Təyinatlı Qüvvələri (XTQ) olduğu ortaya çıxıb.

Bu barədə “Poliqon” “Defence News” nəşrinə istinadən xəbər verib.

Sentyabrda bildirilmişdi ki, Almaniyanın “Rheinmetall” şirkəti və onun 2021-ci ildən partnyoru olan İsrailin “UVision Air Ltd” şirkəti “Hero-30” döyüş və təlim PUA-nın, maddi-texniki təchizatın və təlim kurslarının tədarükü üçün Avropanın adı açıqlanmayan xüsusi təyinatı bölməsindən ilk sifarişlərini qəbul ediblər. Sifariş edilən silahların dəqiq sayı məxfi qalsa da, müqavilənin dəyərinin 3.88 milyon avro və ya 4.21 milyon ABŞ dolları olduğu məlumdur. Tədarüklərin bu il həyata keçiriləcəyi gözlənilir.

Müqavilənin qalibi İtaliyanın şimalındakı Gedi şəhərində yerləşən “RWM Italia SpA” şirkətidir. 2021-ci ildə “UVision” İtaliya şirkəti ilə “Hero” tipli döyüş sursatlarının lisenziyalı istehsalı və inkişafı üçün strateji müqavilə imzalayıb.

Tərəfdaşlıqda “RWM Italia SpA” şirkəti bəzi döyüş sursatları komponentlərinin tədarükü və istehsalı, sistemlərin yığılması və logistik dəstəyin idarə edilməsi ilə Avropa bazarı üçün əsas podratçı kimi çıxış edir.

Qeyd edək ki, süzən və ya kamikadze dronlar hədəfə çırpılan və zərbə zamanı partlayan PUA-dır. “Hero” seriyasına geniş çeşidli “Hero-30”, “Hero-70”, “Hero-120”, “Hero-250”, “Hero-400”, “Hero-400EC” (Electric, Cruciform), “Hero-900” və “HERO-1250” zərbə PUA-ları daxildir.

“UVision Hero-30” süzən PUA bir neçə dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirilir və 185 km/saat sürəti inkişaf etdirməyə qadirdir. Çantalı versiyada olan “Hero-30” sistemi “UVision” süzən sursatlar ailəsinin ən kiçik nümayəndəsidir.

“UVision Hero-30” PUA-nın əsas xassələri:

  • kütləsi (konteynerlə birlikdə) – 7,8 kq;
  • kütləsi (konteynersiz) – 3,0 kq (kütlənin təxminən 1/3-i akkumulyator batareyasıdır);
  • döyüş başlığının kütləsi – 0,5 kq;
  • işçi hündürlüyü – 300-600 m;
  • uçuş müddəti – 30 dəqiqə;
  • sürət – 185 km/saat;
  • mənzili – 15 km.

“Hero” PUA ailəsinin hədəflərinə nəqliyyat vasitələri, insan qrupları, möhkəmləndirilmiş və zirehli obyektlər, o cümlədən tanklar və strateji obyektlər aiddir. “Hero” hava və dəniz də daxil olmaqla müxtəlif platformalardan buraxıla bilər. Qurğular çox səssizdir və aşağı istilikayırma qabiliyyətinə malikdir ki, bu da onları aşkar etməyi və qarşısını almağı çətinləşdirir. Hədəfi nişan almaq üçün gündüz/gecə görmə kameralarından istifadə olunur. “Hero” variantlarından biri kəşfiyyat məlumatlarının toplanması üçün adi təkrar istifadə olunan PUA kimi tətbiq edilə bilər.

İsrail şirkəti üçün İtaliya ilə əməkdaşlıq birbaşa Avropa bazarına çıxış və məhsullarını regionun silahlı qüvvələrinə tanıtma vasitəsidir.

Bununla belə, “UVision” Avropada rəqabətə malikdir. Belə ki, ABŞ-ın “AeroVironment” şirkəti artıq Avropadakı müştərilərə “Switchblade 300” və “Switchblade 600” sistemlərini təklif edir. Keçən il ABŞ şirkəti sifarişlərin sayını artırıb. Fransa sistemlərin alınması üçün müqavilə üzrə danışıqlar aparır, Litva isə hər iki modeli alıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS