İtaliya Ukraynaya 155 mm-lik FH70 səhra haubitsaları verəcək

İtaliya Ukraynaya 155 mm-lik FH70 səhra haubitsaları verəcək

155 mm çaplı yedəyə alınan-özü hərəkət edən FH70 (“Field Howitzer for the 1970s”) səhra haubitsalarının yaxın vaxtlarda Ukrayna Silahlı Qüvvələrinin silahlanmasına daxil olacağı gözlənilir.

Bu barədə “Poliqon” “La Repubblica”ya istinadən məlumat verib.

İtaliya hökuməti Ukraynaya yeni, 3-cü hərbi yardım paketini hazırlayır. Yardım paketinin tərkibinin mayın 19-da açıqlanacağı gözlənilir. Tam siyahı hazırda məxfidir, lakin mediaya FH70 haubitsaları, minaatanlar, “Stinger” daşınan zenit-raket kompleksləri, pulemyotlar, “Lince” zirehli yolsuzluq avtomobilləri və müxtəlif növ döyüş sursatlarının daxil olacağı məlum olub.

Qeyd etmək lazımdır ki, FH70 haubitsaları, Ukraynaya ABŞ, Kanada və Avstraliyadan 100 ədəd həcmində gələn 155 mm çaplı M777 haubitsaları ilə müqayisədə daha köhnə artilleriya sistemidir. Buna baxmayaraq, avtomatlaşdırılmış 155 mm-lik FH70 artilleriya qurğusu döyüş meydanında kifayət qədər effektiv ola bilər.

Xatırladaq ki, FH70 1969-cu ildən Böyük Britaniya və Almaniya, sonradan isə İtaliyanın da qoşularaq hazırladığı yedəyə alınan-özü hərəkət edən haubitsadır. Layihə ABŞ-ın 155 mm-lik M114 haubitsasını və Böyük Britaniyanın 5,5 düymlük topunu (BL 5.5-inch Medium Gun) əvəz etmək üçün həyata keçirilib. O, ABŞ-ın 155 mm çaplı M198 haubitsasının (155-mm “Medium Towed Howitzer M198”) analoqudur. Silahlanmaya 1976-cı ildə qəbul edilib.

FH70 haubitsası artilleriya hissəsindən, həmçinin təpmə əleyhinə qurğusu və mərmini doldurma mexanizmi olan yataqdan ibarətdir. Həm də köməkçi güc bloku, hidravlik ötürücüləri və açılan qundaqları olan təkərli lafetə malikdir.

Köməkçi güc qurğusu lafetin ön hissəsindəki çərçivədə yerləşir. Haubitsa köməkçi güc qurğusu vasitəsilə saatda 16 km sürətlə özü hərəkət etmək qabiliyyətinə malikdir. Haubitsa Almaniya ordusunda 7 tonluq MAN 6×6, İtaliya ordusunda FIAT 6605 TM (TM69), Böyük Britaniya “Foden” 6×6 yük avtomobilləri ilə yedəyə alınır. Maksimal yedəyə alınma sürəti isə saatda 100 km-dir. FH70 haubitsası CH-47D “Chinook” helikopterinin xarici asqısında nəql edə bilir.

Yarımavtomatik doldurma sistemi topun lüləsinin istənilən qalxma bucağında işləyir və mərmini yanma kamorasına çatdıran doldurma tabağından ibarətdir. Təlim keçmiş heyət yarımavtomatik mərmi doldurucusu sayəsində dəqiqədə 6 atış, praktiki olaraq hər 10 saniyədə 1 atış edə bilir. Haubitsadan L15A1 qəlpəli-fuqas, DM105 tüstüləyici, DM106 işıqlandırıcı, M549A1 aktiv-reaktiv və digər 155 mm çaplı NATO atəş yığımları ilə atış aparmaq mümkündür.

FH70 haubitsasının çəkisi 7,8-9,6 tondur, artilleriya mərmilərinin növündən asılı olaraq maksimal atış məsafəsi 24-30 km-dir. Yürüş vəziyyətində uzunluğu 9800 mm, eni 2200 mm və hündürlüyü 2500 mm-dir. Lüləsinin uzunluğu 6000 mm-dir (39 çap). Lülənin qalxma bucaqları −5°…+70°, dönmə bucağı isə ±56°-dir. Haubitsaya 8 nəfərdən ibarət heyət xidmət göstərir.

Yedəyə alınan-özü hərəkət edən haubitsa Almaniya, İtaliya, Böyük Britaniya, Yaponiya, Estoniya, Norveç, Niderland, Səudiyyə Ərəbistanı, Livan, Mərakeş, Oman və Malayziya ordularında silahlanmadadır.

Haubitsa Böyük Britaniyada “Vickers Shipbuilding and Engineering, Ltd” (VSEL), İtaliyada “OTO Melara”, Almaniyada “Rheinmetall AG” və Yaponiyada lisenziya əsasında “Japan Steel Works” şirkətləri tərəfindən istehsal olunub.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS